Vətən müharibəsində qələbəmizin əbədiləşdirilməsinin tarixi əhəmiyyətini nəzərə alaraq, F. Köçərli adına Respublika Uşaq Kitabxanası 8 noyabr Zəfər gününə həsr olunmuş “Zəfər tarixində şanlı səhifələr” adlı 12-17 yaşlı yeniyetmələr arasında ümumrespublika əlyazma kitab müsabiqəsi elan edir.
Müsabiqənin təşkilində əsas məqsəd yeniyetmələrdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsini əbədiləşdirilməklə onlar haqda məlumat bazası formalaşdırmaq işinə tövhə vermək, gənc nəslin tərbiyyə olunmasında bu şəxslərin həyatını örnək götürməkdən ibarətdir.
Müsabiqə həmçinin yeniyetmə yazarları yaşıdları arasında tanıtmaq, onları ruhlandırmaq, qələmə aldıqları hekayələri kitab halına salmaq baxımından xüsusi ilə əhəmiyyətlidir.
Digər tərəfdən yeniyetmələrin qələmə aldıqları hekayələr öz yaşıdları tərəfindən daha səmimi qarşılanacaq və gələcəkdə bu cür hekayələrin yazılmasına daha böyük maraq göstəriləcək.
Müsabiqənin şərtlərinə əsasən yeniyetmə yazarlar Vətən Müharibəsi iştirakçısı olmuş qəhrəman döyüşçülərin (şəhid və qazilərin) döyüş yolu haqqında faktları nəzərə almalıdırlar.
«Zəfər tarixindən şanlı səhifələr” adlı ümumrespublika əlyazma kitab müsabiqəsi 01 iyul – 01 oktyabr tarixlərində keçiriləcəkdir.
Müsabiqənin şərtləri:
Hər iki Qarabağ uğrunda gedən müharibədə iştirak edən qəhrəmanlarımız haqqında insan hekayələri 3 hissədən (Giriş, əsas hissə və nəticə) ibarət olmalı;
Hekayədə qəhrəmanlar haqqında tarix və şəkillər düzgün seçilməli;
Yazılmış hekayədə fikirlər aydın və səlis ifadə edilməli;
Kitabın həcmi 15 səhifədən çox olmamalı;
Müsabiqədə iştirak etmək istəyənlər, 1 oktyabr 2021- ci il tarixinə qədər əlyazma kitabları kitabxananın Kütləvi işlər şöbəsinə təhvil verməlidirlər.
İştirakçılar hekayə ilə yanaşı özləri haqqında ətraflı məlumat (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, e-mail və s.) təqdim etməlidirlər.
Müsabiqənin şərtlərinə əsasən 04 noyabr 2021-ci il tarixində əlyazma kitabların sərgisi təşkil olunacaq.