F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Nəsimi rayon Gənclər və İdman idarəsi, Azərbaycan İstiqlal Muzeyinin təşəbbüsü və birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş “Tarix yazan qəhrəmanlar” adlı onlayn tədbir keçirdi.
Tovuz döyüşləri xalqın qəlbində olan vətənpərvərlik hissinin, Vətənə, torpağa olan sevgisinin yenidən dirçəlməsinə səbəb oldu və bizim böyük zəfərə olan yolumuzu aydınlatdı.
Tədbiri çıxış sözü ilə Azərbaycan İstiqlal muzeyinin Elmi kütləvi işlər şöbəsinin müdiri Əskərova Şövkət açdı.
Tədbirdə Tovuz döyüşləri şəhidlərindən Azərbaycan Ordusunun giziri, Babayev Yaşarın bacısı Aynurə Babayeva, əsgər Elşad Məmmədovun bacısı Məhbubə Məmmədova, həyat yoldaşı Qönçə Məmmədova, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər Mustafazadə Elçinin qardaşı Elvin Mustafazadə, çavuş Vüqar Sadıqovun anası Zeynad Sadıqova, mayor Anar Novruzovun bacısı qızı Könül Qəmbərli, Tovuz döyüşləri ərəfəsində mərmi partlayışı zamanı həlak olan mülki vətəndaş Tovuz rayonu Ağdam kənd sakini Əziz Əzizovun qızı Zərnişan Əzizova və Tovuz döyüşləri şahidi, Tovuz sakini Vüqar Quluyev çıxış etdilər.
Sonra, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Nəsimi rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Tağıyev də Tovuz hadisələri ilə bağlı öz fikirlərini bölüşərək bütün şəhidlərimizi böyük fəxr hissi ilə anaraq bu cür tədbirlərin təqdirəlayiq olduğunu vurğuladılar.
Zoom platforması üzərindən keçirilən onlayn tədbirdə Şəhid ailələrinin yaxınları, “AYTAM” uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri, İdman könüllüləri, Lənkəran Heydər Əliyev mərkəzinin əməkdaşları, Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllim və şagird heyəti iştirak etdilər.