Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova kitab haqqında məlumat verərək bildirdi ki, 406 səhifəlik biblioqrafik göstəricidə XIX əsrin II yarısı və XX əsrin əvvəllərində (1920-ci ilə qədər) nəşr olunan uşaq ədəbiyyatına dair materiallar əksini tapıb. Həmçinin, uşaq ədəbiyyatı ilə yanaşı dərsliklər və ilk uşaq mətbuatı haqqında materiallar xronoloji qaydada oxucuya təqdim edilib. Biblioqrafiya 3 hissədən və hər bir hissə üçün nəzərdə tutulmuş əlavələrdən ibarətdir.
Kitabın ön sözünün müəllifi, filologiya üzrə elmlər doktoru, professor Yaqub Babayev qeyd etdi ki, hər bir xalqın elm və mədəniyyət tarixində bir faktoloji göstərici kimi biblioqrafiya əhəmiyyətli yer tutur: "Çox təəssüf ki, bizdə indiyə qədər fundamental mənada uşaq ədəbiyyatına həsr edilən belə bir əsər meydana çıxmamışdı. Bu biblioqrafiya uşaq ədəbiyyatımızın inkişaf yoluna tarixi-xronoloji anlamda işıq salmaq, tədqiqatçıların işini xeyli dərəcədə yüngülləşdirmək mənasında son dərəcə uğurlu bir işdir. Kitab vasitəsilə oxucular Azərbaycan uşaq ədəbiyyatının 1920-ci ilə qədərki nümunələrinin adları ilə tanış olacaqlar".
Kitabın rəyçisi, Bakı Dövlət Universitetinin (BDU) "Biblioqrafiyaşünaslıq" kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov çıxışında təqdim olunan kitabı uşaq ədəbiyyatının təşəkkülü, onun anatomiyasının açılması baxımından çox əhəmiyyətli biblioqrafik mənbə olduğunu söylədi.
Daha sonra çıxış edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova, Bakı Dövlət Universitetinin "Kitabşünaslıq və nəşriyyat işi" kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, "Kitabxanaşünaslıq" kafedrasının müdiri, pedaqoji elmlər namizədi Elçin Əhmədov və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova təqdim olunan kitabın əhəmiyyətindən söz açdılar.
Qeyd edək ki, kitabdakı materiallar AMEA-nın Elmi Kitabxanası, Milli Kitabxana, M.Fizuli adına Əlyazmalar İnstitutunun, ADPU və digər kitabxanaların fondlarında qorunub saxlanılan resurslara əsaslanmış və mənbə kimi göstərilmişdir. Kitabın tərtibçiləri Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova və Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsinin müdiri Sevil Əhmədovadır.
Kitabla BURADAN tanış ola bilərsiniz.