F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, Beynəlxalq Uşaq Kitabı Şurası ilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri təbliğ etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir. Həmçinin, uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
İran (İBBY) təşkilatının Respublika Uşaq Kitabxanasına verdiyi məlumata görə təşkilatın əməkdaşı, uşaq yazarı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi Sevinc Nuruqızının “Aysu və Ay” əsərini fars dilinə tərcümə edib. Əsər İranın paytaxtı Tehran şəhərində fəaliyyət göstərən Hamşəhri qəzetinin uşaq jurnalında çapdan çıxıb.
Respublika Uşaq kitabxanası Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) Azərbaycan milli bölməsi kimi fəaliyyəti çərçivəsində 2014- cü ildə uşaq yazarı Sevinc Nuruqızının “Aysu və Ay” əsərini Andersen mükafatına təqdim etmişdir.
Qeyd edək ki, kitab rus və ingilis dillərinə də tərcümə olunmuşdur.