Xətai rayonu Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbin təşkilatçılığı ilə Pandemiya dövründə təhsilə dəstək olan "Günümüzün fədakarları" mövzusunda onlayn görüş keçirilib.
Onlayn görüşü giriş sözü ilə açan məktəbin direktoru Elçin Abdullayev çıxışında həqiqətən “Günün fədakarları” olan qonaqlara - BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədova, BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədovaya, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərovaya, ATV telekanalının xəbər diktoru Lalə Azərtaşa, Bakı şəhər Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işlər üzrə polis polkovniki Məryəm Ömərovaya, Kəmalə Ələkbərovaya, həkim-infeksionist Hicran Xıdırovaya görüşdə iştirakları üçün təşəkkürünü bildirdi.Çıxış edən qonaqlar ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində hamılıqla bu təhlükədən minimum zərərlə qurtulmaq üçün “Güc birlikdədir” devizi altında çalışırıq deyə xüsusi qeyd etdlər. Daha sonra məktəbin direktoru pandemiya dövründə xalq olaraq birliyimizi çox nümunəvi şəkildə nümayiş etdirdiyimizi, 95 saylı məktəbin rəhbərlik, müəllim və şagird kontingentinin də bu dövrdə "Evdə qal, təhsildən qalma" layihəsində çox yüksək səviyyədə iştirakını qeyd etdi.
Onlayn görüşdə iştirak edən qonaqlar çıxışlarında keçirilən və görülən işlərin Pandemiya dövründə psixoloji dayanıqlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini, bütün təqdmatların dövrə uyğun sistemləşdirildiyini, artıq distant təhsilin tətbiq olunduğunu və hər kəsin öz iş yolunda fəaliyyət istiqamətini dovrə uyğun qurduğunu qeyd etdilər. Şəhla Qəmbərova öz çıxışında qeyd etdi ki, Respublika Uşaq Kitabxanasının oxuculara onlayn xidməti kitabxananın vahid elektron bazasında olan elektron resurslar əsasında həyata keçirilir. Elektron resursu olmayan ədəbiyyatlara sorğu qəbul edilir, az zaman ərzində rəqəmsallaşıdırılaraq oxucu istifadəsinə verilir. Direktor həm də qeyd etdi ki, uşaqları elektron informasiya aləmi ilə səmərəli pedaqoji-psixoloji istiqamətlərdə heyrətləndirmək, kitab aləmi ilə təmasdan zövq almasına yardım etmək, uşaq fikrini, fantaziyasını təxəyyülünü inkişaf etdirmək, cəmiyyətə gərəkli insanlar tərbiyə etməkdir. Bizim missiyamız alidir – çünki cəmiyyətin mənəvi potensialı kimi uşaqların mənəvi dünyasını yaxşı mənada istiqamətləndirməyə yardımşı oluruq. Fəaliyyətimizi daha da genişləndirərək faydalı xidmət göstərmək üçün böyük səy göstəririk.
Məktəbin 8e sinifinin şagirdləri isə öz maraqlı sualları ilə qonaqlarda çox xoş təəssüratlar yaratdılar.