Bakı şəhəri Xətai rayonu 95 nömrəli məktəbinin 3-cü sinif şagirdləri, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova arasında növbəti onlayn görüş keçirildi. Görüşün keçirilməsində əsas məqsəd Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yaratmış olduğu vəziyyətlə əlaqədar kitabxananın hazırki fəaliyyəti haqqında oxuculara geniş məlumat vermək, onlara bu günlərdə dəstək olaraq mütaliəni, elektron ədəbiyyatı təbliğ edərək maarifləndirmək, eləcə də, uşaqları sevimli yazarları ilə canlı ünsiyyət yaradaraq bütün suallara onlar tərəfindən cavab almaq imkanı təşkil etməkdir. Skyp görüşdə Bəhram Bağırzadə uşaqlara öz kitabları barədə məlumat verdi və şagirdlərə maraqlı suallar ünvanladı. Diskussiya zamanı məktəbliləri maraqlandıran bütün suallar cavablandırıldı. Görüş çərçivəsində Ş.Qəmbərova uşaqlara elektron kitabxana haqqında ətraflı məlumat verdi. O çıxışında bildirdi ki, kitablar dünyanın ən böyük xəzinəsidir. Biz hamımız yalnız kitab oxuyaraq və mütaliə edərək zənginləşə bilərik.