Mayın 3-də, Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Sabail rayonunda yerləşən 160 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan şairi, tərcüməçi, təmsillər ustası Hikmət Ziyanın 90 illik yubileyi və rus yazıçısı, təmsilçi İvan Andreyeviç Krılovun anadan olmasının 250 illik yubileyi münasibətilə ədiblərin yaradıcılığına həsr olunmuş “Yubilyar təmsilçilər” adlı tədbir keçirildi. Tədbir, 160 nömrəli tam orta məktəbin akt zalında reallaşdı. Tədbirdə, böyük şair, təmsilçi Hikmət Ziyanın ailə üzvləri, Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşı, Azərbaycanda Rus Dilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina, kitabxananın əməkdaşları, pedaqoqlar və.s qonaqlar iştirak edirdi. Məktəbin 5-ci sinif şagirdlərinin təqdimatında, tədbir iştirakçılarına hər iki ölkənin ədiblərinin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi, həmçinin onların yaradıcılığından ən çox sevilən təmsillər səhnələşdirilərək canlandırıldı. Rəqs kompozisiya və mahnılar ifa olundu. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında, tədbirin keçirilməsində əsas məqsədin məktəbliləri hər iki ölkənin təmsil ustalarının yaradıcılığı ilə yaxından tanış etmək olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, rus yazıçısı İvan Andreyeviç Krılovdan ən çox təmsil tərcümə edən böyük şair Hikmət Ziya 3000-dən çox təmsil müəllifidir. Qısa təmsillərinin əksəriyyəti öz ədəbi taleyi olan, həyat və insan haqqında yazılmış əsərlərdir. Sonda, tədbir iştirakçıları kitabxana tərəfindən təşkil olunan hər iki ədibin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi ilə tanış oldular.