Sentyabrın 23-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında gənc rəssam Cəmilə Abdulzadənın “Duyğulara rəng qatanda” adlı ilk fərdi rəsm sərgisi keçirildi. Sərgidə, oxucular, məktəblilər, rəssamın ailə üzvləri və yaxınları ilə yanaşı bir çox qonaqlarda iştirak edirdi. Tədbiri giriş sözü ilə, kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova açdı. O, gənc rəssama uğurlarının davamlı olmasını və kitabxana olaraq hər zaman istedadlı gənclərin üzə çıxarılmasına dəstək olmağa hazır olduqlarını bildirdi. Tədbir çərçivəsində, kütləvi işlər şöbəsinin Cəmilə Abdulzadə haqqında hazırladığı maraqlı video çarx təqdim edildi. Musiqi nömrələri dinlənildi. Gənc rəssamın sevincini paylaşmağa gələn yaxınları onu təbrik edərək, ən xoş arzularını bildirdilər. Sonda, sərgiyə baxış keçirildi. Qeyd edək ki, sərgi 27 sentyabr tarixinədək davam edəcək.