17-19 sentyabr tarixində, Rusiyanın Moskva şəhərində keçirilən “Uşaq və Gənclər üçün mütaliənin dəstəklənməsi və təbliği” adlı beynəlxalq konfransda F.Köçərli adına Respublika Uşaq Kitabxanası iştirak etdi. Kitabxananı beynəlxalq konfransda Elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova və şöbə müdiri İlahə Quliyeva təmsil edirdi. Keçirilən konfransda, “Nağıllarla səyahət “ adlı beynəlxalq müsabiqənin qaliblərinin mükafatlandırılması baş tutdu. Mütaliə- milli mədəniyyətlərin, ana dilinin qorunub saxlanması, inkişafı, nitq mədəniyyətinin formalaşmasında ən vacib amildir. Bu məqsədlə də müəllimlər, filoloqlar, sosioloqlar, kitabxanaçılar və digər mütəxəssislər uşaq və gənclərin mütaliəsini artırmaq üçün daim yeni yanaşma və metodlar axtarırlar. Dəyişən sosial-mədəni şəraitdə ictimaiyyətin diqqətini kitabxanaların işinə cəlb etmək üçün geniş təcrübə qazanmış MDB və digər ölkə kitabxanaları arasında ortaq layihələrin hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Belə bir əməkdaşlığın bariz nümunələrindən biri 2018-ci ildən keçirilən və bu günə kimi davam edən “Nağıllarla səyahət” adlı müsabiqədir. Beynəlxalq müsabiqə Müstəqil Dövlətlər Birliyi ölkələrinin milli mədəni dəyərlərinin təbliği, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, istedadlı uşaq və yeniyetmələrin axtarılması və dəstəklənməsi, onların özünü ifadə etməyə təşviq edilməsi məqsədi daşıyır. Konfrans MDB ölkələri arasında keçirilən Beynəlxalq Uşaq Ədəbiyyatı müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə başladı. Qaliblər, təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif edildilər. Tədbirdə, keçirilən müsabiqə üzrə qalib olan 132-134 nömrəli Təhsil Kompleksinin şagirdi 11 yaşlı Fatimə Kazımova da ölkəmizi təmsil edirdi. O, “Ana haqqıda nağıl” əsərinə görə birinci yerə layiq görülmüşdür. Təqdimatdan sonra, iştirakçı kitabxanaçıların mühazirələri dinlənildi. F. Köçərli adına Respublika Uşaq Kitabxanasını təmsil edən Elmi işlər üzrə direktor müavini “Elektron mühitdə uşaq və yeniyətmələrin kitabxanaya cəlb edilməsi yollari” adlı mühazirə ilə çıxış etdi. O, çıxışında bildirdi ki, bu gün oxucularda mütaliə və informasiya mədəniyyətinin formalaşması üçün yeni yanaşmalar tələb olunur. Konfrans plenar iclasın hesabatı ilə yekunlaşdı. Tədbir iştirakçılarına sertifikatlar verildi.