15 may 2018- ci il tarixində, 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında F. Köçərli adına Respublika Uşaq Kitabxanası, Azərbaycan Tərcümə Mərkəzi və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsi olan “Əsrarəngiz Misir nağılları” kitabının təqdimatı və kitaba çəkilən rəsm əsərlərinin sərgisi keçirildi. Təqdimatı olan kitaba 30 Misir nağılı daxil edilmişdir. Bu layihənin maraq doğuracaq cəhətlərindən biri də Misir nağıllarının Azərbaycan dilində verilməsi, həmçinin nağıllara çəkilən rəsmlərin uşaqlara məxsus olmasıdır. “Misir Uşaq Ədəbiyyatı” həftəsi çərçivəsində keçirilən növbəti tədbirdə, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev, Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri cənab Adel İbrahim Ahmed İbrahim, Azərbaycan Tərcümə Mərkəzindən nümayəndə, Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Ahmed Sami Elaydi, Misir uşaq ədəbiyyatı üzrə böyük alim pr. Yaqub Əl Şaruni, Nəsimi Rayon İcra Hakimiyyətindən nümayəndə, Milli Kitabxananın direktoru pr. Kərim Tahirov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, uşaq ədəbiyyəatı tədqiqatcısı Füzuli Əsgərli, müxtəlif məktəblərin müəllimləri, şagirdlər, tələbələr və.s qonaqlar da iştirak edirdilər. Tədbiri giriş sözü ilə F.Köçərli adına Respublika uşaq Kitabxanasının direktoru Ş.Qəmbərova açaraq, tədbir iştirakçılarını salamlayıb layihənin məqsəd və əhəmiyyətindən geniş söhbət açdı. Ş.Qəmbərova çıxışında, “Əsrarəngiz Misir nağılları” kitabının ərsəyə gəlməsini bu layihənin davamı olduğunu və bunun yanaşı həmin kitabda yer alan rəsmlərin Misirdə də sərgiləndiyini xüsusi ilə vurğuladı. Sonra söz, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyevə verildi. O, bugünkü tədbirin olduqca maraqlı və mühüm əhəmiyyət kəsb etdiyini eləcə də, son dövrlərdə həyata keçirilən layihələrin uşaq və yeniyetmələrin dünyagörüşündə, maariflənməsində ümumiyyətlə hərtərəfli inkişafı baxımından kitabxananın əvəzolunmaz fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırdı. Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri cənab Adel İbrahim Ahmed İbrahim isə öz növbəsində, bu layihədə əməyi keçən hərkəsə öz minnətdarlığını bildirdi və Azərbaycanda Misir nağıllarının böyük rəğbət görməsindən məmnunluğunu qeyd etdi. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında, layihənin uşaqların istedadlarının kəşf edilməsi və xüsusilədə təxəyyüllərinin daha da zənginləşməsi baxımından səmərəli olduğunu söylədi. Sonda Ş.Qəmbərova tədbir iştirakçılarına xüsusuilə də uşaqlara öz minnətdarlığını bildirdi və hamını rəsm sərgisinə baxış keçirməyə dəvət etdi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi. Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd, nağıllar vasitəsi ilə uşaqların dünyagörüşünü artırmaq, dünya uşaq ədəbiyyatına mütaliəni həvəsləndirmək və istedadlı uşaqlara dəyər verməklə onları üzə çıxarmaq idi.