28 fevral 2018-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının bir qrup əməkdaşı və oxucu tələbələri Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində oldular. Görüş zamanı Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qonaqlara Misir Mədəniyyət Mərkəzinin yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, Azərbaycan və Misir arasında mədəni əlaqələrindən geniş söhbət açdı. O, həmçinin Azərbaycan haqqında çox məlumatlı olduğunu, Azərbaycan uşaq ədəbiyyatından seçmə nümunələrin ərəb dilinə tərcümə edilərək nəşr olunacağını diqqətə çatdırdı. Öz növbəsində F.Köçərli adına Respublika uşaq kitabxanasının direktoru Şəhla xanım Qəmbərova kitabxananın fəaliyyətindən, xarici ölkə kitabxanaları ilə birgə layihələrdən bəhs edərək Misir uşaq nağıllarının Azərbaycan dilinə tərcümə olunaraq “Ecazkar Misir Nağılları” kitabının çapından, kitaba uşaqların çəkdiklərin rəsmlərin Misirin Qahirə şəhərində keçirilən “Əsrlər boyu Ərəb dünyasında uşaq ədəbiyyatı” adlı konfransda “Misir nağılları Azərbaycan uşaqlarının gözü ilə” adı altında rəsm sərgisinin nümayiş olunmasından danışdı. Sonra Misir Mədəniyyət Mərkəzinin kitabxanasına Azərbaycana həsr olunmuş müxtəlif dillərdə kitablar, kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalının yeni saylarını hədiyyə edildi. Uşaq ədəbiyyatının inkişafının vacibliyini vurğulayan tərəflər bu sahənin inkişafı üçün bir sıra layihələri həyata keçirmək məqsədilə təkliflər irəli sürdülər. Görüş mərasimi kitabxana əməkdaşlarının və tələbələrin ürəyincə oldu. Tələbələr Misir Mədəniyyət Mərkəzindən bol təəssüratla ayrıldılar.