14 Fevral 2018- ci il tarixində, 35 nömrəli tam orta məktəbdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 5 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin birgə təşkil etdiyi, Beynəlxalq Kitab Bağışlanma Gününə həsr olunmuş “Hərəyə bir kitab” adlı tədbir keçirildi. Tədbir, uşaqların ifasında milli rəqs və flashmobla başladı. Musiqili açılışdan sonra oxucular, Respublika Uşaq Kitabxanası tərəfindən gətirilən biri- birindən maraqlı və zəngin kitablarla tanış olub, onların marağını cəlb edən hədiyyə kitablara sahib oldular. Tədbirdə, uşaq yazıçıları, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən nümayəndə, valideynlər və.s qonaqlar iştirak edirdilər. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərova çıxışında balaca oxuculara onların söz ehtiyyatının artması və səlis nitq qabiliyyətinə sahib olması üçün kitab və mütaliənin ən yaxşı vasitə olduğunu vurğuladı. Daha sonra uşaq yazıçıları Aygün Bünyadzadə, Qəşəm İsabəyli və Gülzar İbrahimova kiçik oxuculara ən maraqlı uşaq ədəbiyyatı nümünələrindən söhbət açdılar. Tədbir zamanı, kitab haqqında müxtəlif şeirlər söyləyən və milli nağıllarımızın səhnələşdiyi tamaşanı ifa edən uşaqlara, yazıçıların ən son nəşr olunan imzalı kitabları hədiyyə olundu. Kitab bağışlama gününə həsr edilmiş tədbir, böyükdən tutmuş kiçiyə kimi hər kəsin ürəyicə oldu. Onu da qeyd edək ki, tədbir çərçivəsində 400 nüsxədən çox kitab uşaqlara və kitabsevərlərə hədiyyə edildi.