22 may 2017-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində tədbir keçirdi. Tədbirdə Asəf Kərimovun rəhbərliyi ilə Palitra Art Studiyasının balaca rəssamları iştirak edirdi. Tədbiri giriş sözü ilə Əhməd Sami Elaydi açdı. O şagirdləri Misir mədəniyyəti ilə tanış etdi və çarxlı video slayda baxmağa dəvət etdi. Sonra F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında mütaliənin rolundan bəhs etdi və bildirdi ki, uşaqların mütaliəsı – bu informasiya cəmiyyətində həyata açardır. Mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Belə ki, insan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, mənəviyyatını, nitq qabiliyyətini daha da artırır. Mütaliənin xeyirlərini sadalamaqla yeni bir kitab ərsəyə gətirmək olar. Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir, zəngin söz ehtiyatına sahib olmağın təsiri ilə gözəl nitq qabiliyyətinə malik olur, danışarkən hikmət dolu sözlərlə insanların ürəyinə asanlıqla yol tapa bilir. Bu günki tədbirimiz də İslam Həmrəyliyi İli çərçivəsində keçirilirən tədbirlərdən biridir. Məqsədimiz ecazkar Misir nağılları haqqında nəşr olunacaq kitaba illustrasiyalar çəkən rəssamların Misir mədəniyyəti ilə daha yaxından tanış olmaları və kitabxanadan səmərəli istifadə etmələridir. Müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Balaca rəssamlar Misir Mədəniyyət Mərkəzində eksponatlarla və zəngin kitabxananın kitabları ilə tanış oldular. Hər bir iştirakçıya Misir haqqında kitabçalar, xəritələr verildi. Sonda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova Misir Mədəniyyət mərkəzinin kitabxanasına Firidun bəy Köçərlinin Balalara hədiyyə, İlyas Tapdıq və Firidun bəy Köçərli biblioqrafiya kitablarını hədiyyə etdi. Tədbir xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.