1 iyun 2017-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Nağıl bilicisi” adlı əyləncəli müsabiqə təşkil olundu. “Nağıl bilicisi” yarışmasında Nəsimi rayonu 36 saylı məktəbin 3-cü sinif şagirdləri və kitabxananın aktiv azyaşlı oxucuları iştirak edirdilər. Əyləncəli müsabiqə 5 mərhələdən: 1) Nağıllardan suallar 2) Tap görüm 3) Atalar sözü 4) Teleqramma 5) Sehrli zənbil müsabiqələrindən ibarət idi. Hər düzgün cavab bir kəpənək ilə qiymətləndirildi. Sonda ən çox kəpənək yığmış oxucu müsabiqənin qalibi oldu. Müsabiqənin sonunda kitabxananın direktoru Şəhla Qəmbərova uşaqları bayram münasibəti ilə təbrik etdi və bu müsabiqədə iştirak etdikləri, suallara cəld cavab verdikləri, yaxşı nağıl bilicisi olduqları üçün onlara təşəkkürünü bildirdi. Mütaliənin və kitabın uşaqların dünya görüşünün formalaşmasında böyük rol oynadığını qeyd etdi. Məhz kitablar uşaqlar üçün yeni dünyanın qapılarını açır, estetik tərbiyyəni, mənəvi və intellektual səviyyənin yüksəlməsini təmin edir. Bu günki tədbirdə uşaqların fəal iştirakı və onlara verilən suallara düzgün cavab vermələrini onların kitabxanadan daim istifadə etməklərində, ədəbiyyatların düzgün seçilməsində və seçilən ədəbiyyatların mənimsənilməsində öz əksini tapdığını qeyd etdi. Kitabxananın direktoru çıxışının sonunda müsabiqənin qalibi olmuş Nəsimi rayonu 36 saylı orta məktəbin 3-cü sinif şagirdi Ağayeva Zəhra Elçin qızını “Nağıl bilicisi medalı” ilə təltif etdi. İştirak edən bütün uşaqlar kitablarla hədiyyələndirildi.