13 iyun tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2016-cı il – “Multikulturalizm İli”nə həsr olunan “Uşaq Kitab Karvanı Şimal bölgəsində” səyyar kitab sərgilərini Quba rayonunda davam etdirdi. Uşaq Kitab karvanını Quba rayon Mərkəzi kitabxanası qarşıladı. Bayram tədbiri kitabxana qarşısında təşkil olunmuşdu.Tədbiri Quba rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov giriş sözü ilə açaraq, Kitab Karvanını qarşılayan Quba rayonunun əsl həqiqətdə multikulturalizmin məkanı olduğunu qeyd etdi. Digər çıxış edən nümayəndələr kitabın, mütaliənin əhəmiyyətindən danışaraq, uşaqlar üçün gətirilən ədəbiyyatın onların gələcəkdə müstəqil Azərbaycanımıza layiq bir vətəndaş kimi böyüməsindən, dünyagörüşlərinin formalaşmasındakı rolundan danışdılar. Bayram tədbirində azyaşlı uşaqlar və məktəblilər iştirak edirdi. Uşaqlar tədbirdə öz sevimli yazıçıları ilə görüşdülər. Şən musiqi sədaları altında keçən tədbirdə uşaqlar şeirlər söylədilər, mahnılar ifa etdilər. Tədbir iştirakçıları səyyar kitab sərgiləri ilə tanış oldular, meydanda təşkil olunmuş Nağıl saatına tamaşa etdilər, yaradıcı uşaqların əl işlərinə baxdılar. Məktəbəqədər uşaqların rəqsləri tədbirə xüsusi bir rəng qatdı. Tədbirdən sonra uşaqlarla “Ən yaxşı nağıl bilicisi” adlı müsabiqə keçirildi. Müsabiqədə daha çox xal qazanan oyunçu- qalib müəyyən edildi, “Nağıl bilicisi” medalını Quba rayon 1 saylı məktəbin VIII sinif şagirdi İbrahimov Müseyib qazandı. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla xanım qalibə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalının bir il pulsuz hədiyyə olaraq veriləcəyini bildirdi. Digər fərqlənən iştirakçılara da kitabxana tərəfindən hədiyyələr verildi. Tədbirdə uşaqlar yazıçılarla sıx təmasda oldular, onları maraqlandıran suallara cavab aldılar. Tədbir kitab sərgilərinin nümayişi ilə başa çatdı. F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən verilən hədiyyə kitab bağlamalarını Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov qəbul etdi. Hədiyyə kitabları içərisində azsaylı xalqların mədəniyyətini özündə əks etdirən uşaq ədəbiyyatı nümunələri də var idi. TİKA-nın Azərbaycandakı nümayəndəliyindən Quba Mərkəzi Kitabxanasının uşaq şöbəsinə coxlu sayda kitab hədiyyə olaraq göndərilmişdi.