F.Köçərli adına Respublika Uşaq Kitabxanası 20 noyabr BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə “Mənim hüquqlarım məni qoruyur” adlı tədbir keçirdi. Tədbirin keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması və uşaq hüquqları ilə bağlı onlara daha ətralı məlumat verməklə maarifləndirmək idi. Tədbir Era liseyinin yuxarı sinif şagirdləri ilə aparılırdı. Tədbirdə Ombudsman Aparatının əməkdaşları - İlahə Əfqanlı və Murad Babayev iştirak edirdi. Əməkdaşlar uşaq huquqları ilə bağlı çox maraqlı söhbət etdilər, sual-cavab əsnasında qurulan tədbir çox səmimi qarşılandı. Uşaqlar onları maraqlandıran bütün suallara cavablar əldə etdilər. Tədbirdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova çıxış edərək, respublikamızda uşaq hüquqlarının təmin olunması istiqamətində bir sıra sosial, iqtisadi və hüquqi islahatların həyata keçirildiyini, bu sahədə mühümqanunvericilik aktları və dövlət proqramlarının qəbul edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd olundu ki, bu sahədə əsas normativ sənəd 1998-ci ildə qəbul edilmiş "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də "İnsan hüquqları haqqında" Ümumdünya Bəyannaməsi (1948), Uşaq hüquqları Bəyannaməsi (1959), BMT-nin Uşaq hüquqları Konvensiyası (1989), həmçinin Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsinə (1990) uyğun şəkildə hazırlanıb.Tədbirin sonunda uşaqlar arasında “Sənin hüquqların” adlı rəy sorğusu keçirildi. Uşaqlar kitabxana əməkdaşları tərəfindən hazırlanmış çarxlı video slaydı və “Mənim hüquqlarım” adlı kitab sərgisini da çox maraqla izlədilər. Liseyin rəhbərliyi öz növbəsində çıxış edərək bildirdi ki, son illərdə uşaqların hüquqların müdafiəsi, sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün ölkədə bir sıra tədbirlər həyata keçirilir. Həmçinin bu cür tədbirlərin təşkili uşaqların hüquqlarının təmin edilməsində, onların qayğı ilə əhatə olunmasında və hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasında böyük əhəmiyyət kəsb edir. Tədbirdə xatirə şəkilləri çəkildi, məktəb rəhbərliyi qonaqlara öz təşəkkürünü bildirdi.