24 may 2016-cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmət şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Nağıl Bilicisi” adlı əyləncəli müsabiqəyə yekun vuruldu. 7-10 yaşlı uşaqlar arasında keçirilən müsabiqədə valideynlər, müəllimlər, kitabxana əməkdaşları iştirak edirdi. Müsabiqənin keçirilmə tarixi kitabxananın saytında və digər sosial şəbəkələrdə açıqlanmışdı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq bildirdi ki, artıq neçə illərdir ki, kitabxanamızın Nağıl otağında həftənin müəyyən günlərində Nağıl saatları keçirilir. Nağıllar hər bir xalqın ilkinliyini, paklıq hücrəsini özündə inamlı bir şəkildə hifz edir, uzun qış gecələrinin, nənəli-babalı dünyamızın əziz, unudulmaz qoxusunu özündə yaşadır. Bu nağılların başlıca əhəmiyyəti ondadır ki, milli-mənəvi dəyərlərin əbədiyaşar boxçası olmaqla bərabər, ən çıxılmaz çətinliklərin asan yolunu göstərir, heç vaxt yaxşıların darda qalmayacağı həqiqətini, xeyirin şər üzərində həmişə qalib gəldiyini özündə ehtiva edir. Bu müsabiqəni keçirməkdə məqsəd milli mədəni dəyərlərin inkişafına, istedadlı uşaqların axtarılıb üzə çıxarılmasına, onların özünü ifadə və inkişafına nail olmaqdır. Əyləncəli müsabiqə 4 mərhələdə - “Axırıncı nağılın adlını kim söyləsə...”, “Müəllif nağılları”, “Teleqramma”, “Sehrli zənbil”, yekunda isə “Tap görüm” müsabiqəsi keçirildi. Suallara düzgün cavab verənlərə jeton verildi. Müsabiqənin sonunda ən çox mükafat jetonu qazanan oxucu “Nağıl Bilicisi” adına layiq görülərək medal qazandı. Əyləncəli müsabiqədə Azərbaycan nağılları ilə yanaşı dünya xalq nağıllarına da müraciət olunmuşdu. Müsabiqənin qalibi Yasamal rayonu 53 saylı tam orta məktəbin IV sinif şagirdi İsmayılova Nəzrin Cavid qızı oldu. Kitabxana rəhbərliyi tərəfindən “Nağıl Bilicisi” medalı musiqi sədaları altında təqdim olundu. Tədbir iştirakçıları onu təbrik edərək müvəffəqiyyətlər arzuladılar. Kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı bütün iştirakçılara hədiyyə olaraq verildi və jurnalın əməkdaşları İsmayılova Nəzrin Cavid qızı haqqında maraqlı müsahibə yazacaqlarını bildirdilər. Nəzrin, bütün kitabsevərlər adından səni təbrik edirik! Daim uğur səninlə olsun!