30 sentyabr 2016-cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 oktyabr Beynəlxalq Musiqi Gününə həsr olunan “Musiqi ilə gözəlləşən dünyamız ” adlı tədbir keçirildi. Tədbirdə H.Sarabski adına 7 saylı musiqi məktəbinin şagird və müəllimləri, Bülbül adına ev muzeyinin əməkdaşları, kitabxananın kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktoru Z.Dadaşova açaraq bildirdi ki, oktyabrın 1–i Beynəlxalq Musiqi Günüdür. Beynəlxalq Musiqi Günü YUNESKO-nun qərarı ilə 1975-ci ildə təsis edilib. Bu bayram hər il bütün dünyada ən yaxşı artistlərin və incəsənət kollektivlərinin iştirak etdikləri möhtəşəm konsert proqramları ilə qeyd olunur. Həmin gün dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir. Bəşəriyyətin musiqi ilə tanışlığı çox qədim dövrlərdən başlayıb. Afrika mağaralarında aşkar edilmiş qayaüstü rəsmlərdə əlində musiqi aləti tutmuş insanlar təsvir edilib. 2000-ci ildə isə Çin arxeoloqları 2 min illik tarixi olan musiqi alətləri muzeyini aşkara çıxarıblar. Azərbaycanda da musiqinin tarixi çox qədimlərə gedib çıxır. Qobustandakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın “Yallı” rəqs səhnələri təsvir olunub. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu vurğulanıb. Görünür, Azərbaycan dilinin musiqi dili olması da buradan qaynaqlanır. Musiqi intəhasız, heç bir ölçüyə sığışmayan gücə malikdir. Yer üzündə az adam tapılar ki, musiqiyə laqeyd qalsın. Bir çox məşhur bəstəkarlar daxili dünyalarını, duyğularını, istək və arzularını ifadə etmək üçün musiqidən istifadə ediblər. Onların adı məhz musiqinin qüdrəti sayəsində tarixə və gələcək nəsillərin yaddaşına yazılıb. Musiqi heç vaxt qocalmır. İnsanlara bəxş edilən bu ilahi nemət bəşəriyyət var olduqca yaşayacaq. Tədbirdə balaca aşıqlar sazda ifaları ilə hamını heyrətləndirdi. Dünya klassik musiqisi pianoda, fleytada, klarnetdə ifa olundu. Tədbir musiqi məktəbinin müəllimlərinin ifasında “Qarabağ şikəstəsi” ilə sona çatdı. Beynəlxalq Musiqi Gününə həsr olunmuş maraqlı kitab sərgisi və çarxlı slaydlar musiqi altında tədbir iştirakçılarına təqdim olundu. Tədbirin sonunda iştirakçılara kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı və kitab hədiyyə edildi.