11 Fevral 2016-cı il tarixində Müasir İnnovasiyalar Liseyinin müəllim və şagird heyəti F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. 1-4 və 5-9-cu sinif şagirdləri 2 gün müddətində kitabxanada oldular. Onlar kitabxananın tarixi, ayrı – ayrı şöbələrinin işi ilə yaxından tanış oldular. Oxu zalları və “Nağıl otağı” ilə tanışlıq şagirdlərin xüsusi maraqlarına səbəb oldu. Kiçik oxu zalında kitabxananın əməkdaşı yeni alınmış kitablar haqqında məlumat verdi, oyuncaq-kitablardan danışdı. “Nağıl otağı”nda kiçik yaşlı şagirdlər maraqlı nağıllar dinlədilər, cizgi filminə baxdılar. Böyük sinif şagirdləri kitabxananın saytı, internetlə əldə etmək istədikləri kitablar barəsində suallar verdilər, ətraflı cavablardan və kitabxana ilə tanışlıqdan məmnun qaldıqlarını bildirdilər. Müəllimlər bundan sonra tədbirlərdə daimi iştirak etmək və birgə işləmək arzusunda olduqlarını söylədilər. Sonda Liseyin direktoru Sevinc xanım Əliyeva və kitabxananın direktoru Şəhla xanım Qəmbərova şagirdlərin kitabxanadan müntəzəm istifadə etməsi, məktəbin kitabxanasına lazımlı kitabların verilməsi üçün müqavilə imzaladılar.