2 fevral 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Gənclər Günü ilə bağlı “Gənclər sülhün tərəfdarıdır!” tədbir keçirdi. Tədbirdə kitabxananın gənc kollektivi iştirak edirdi. Əvvəlcə Gənclər gününə həsr olunmuş video-çarx izlənildi. Sonra kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxış edərək, gəncləri təbrik etdi. Z.Dadaşova həmçinin qeyd etdi ki, 2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-ci ilin bu günündə keçirilib. 1997-ci ildən fevralın 2-si ümumilli lider, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub. 19 ildi qeyd etmiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib. Daha sonra kitabxananın əməkdaşlarının Zabitlər parkında, Azərbaycan Dillər Universitetində, 28 mayda keçirdiyi sorğunun video görüntüsü nümayiş olundu. Sorğunun keçirilməsində əsas məqsəd bu günkü gənclərin kitabdan, kitabxanalardan nə dərəcədə istifadə etdiyini, hansı janra daha çox maraq göstərdiyini araşdırmaq, həmin nəticələri kitabxananın inkişaf siyasətində istifadə etmək idi. Nəticələrə görə gəncləri ən çox detektiv janrı cəlb edir. Hər zaman maraqlı layihələri ilə gənclərin, uşaqların marağına səbəb olan F.Köçərli adına Respublika Uşaq Kitabxanası bu gün “Gənclər Klubu”nun da açılışını elan etdi. Layihənin əsas məqsədi kitaba, mütaliəyə marağı olan gənclərə onun incəliklərini aşılamaq, gənclərin oxuduqları əsərlərə düzgün rəy vermələrini təmin etməkdir. Layihədə təlim və seminarların keçirilməsi ilə yanaşı, müxtəlif oyunlar, əsərlərin səhnələşdirilməsi, “dəyirmi masa”lar, debat klubunun üzvləri ilə müzakirələr aparmaq imkanları yaradılacaq. Kitabxanamız adından bütün gəncləri bu gün münasibətilə təbrik edir, bol-bol uğurlar arzulayırıq!