Beynəlxalq bayramlar sırasında vətəndaşlıq qazanan günlər az deyil. Yetişməkdə olan yeni nəslə aid belə beynəlxalq günlər çoxdur. Bu bayramlar ayrı-ayrı hadisələrin ruhundan və müxtəlif baxışlı insanların düşüncələrindən meydana gəlsə də ümumilikdə eyni məqsədə - xalqlar arasında dostluğa, bərabərliyə, humanizmə, təbiətin qorunmasına, irqi ayrı-seçkiliyə, fərdlərin xoşbəxtliyinə xidmət edir. Son illər F. Köçərli adına Respublika Uşaq Kitabxanasında ənənəvi bayramlarla yanaşı, belə günlərin ölkəmızdə tanıdılması və təbliği üçün rəngarəng tədbirlər keçirilir. Belə tədbirlər uşaqların həm dünyagörüşünün genişlənməsinə, həm də onların elmə, biliyə marağını artırır, yaşıdlar arasında ünsiyyəti gücləndirir. 15 sentyabr - Beynəlxalq Nöqtə Günü də belə xoşməramlı günlərdəndir. Məlumat üçün deyək ki, bu bayramın tarixi ingilis rəssamı Piter Q. Reynoldsun 2003-cü ildə yazdığı “Nöqtə” kitabı ilə bağlıdır. Bu kitabda şəkil çəkməyi bacarmayan balaca qız haqqında söhbət açılır. Daha doğrusu, ona elə gəlir ki, şəkil çəkə bilmir. Rəsm dərsində Vaşti kağıza sadəcə nöqtə qoyur. Lakin qızın müəlliməsi ondan çəkdiyi nöqtənin altına imzasını qoymasını xahiş edir və həmin kağızı gözəl çərçivəyə salaraq divardan asır. Nəticədə Vaşti “Mən daha yaxşı çəkə bilərəm” – deyə düşünür və məlum olur ki, bu doğrudan da belədir. “Nöqtə” kitabı çoxlu mükafatlar alıb, Çikaqo kitabxanasının versiyası üzrə “İlin kitabı” seçilib və bir çox dillərə tərcümə olunub. 2009-cu ildə müəllim Terri Şey ilk dəfə Nöqtə Gününü qeyd edib. O gündən başlayaraq Beynəlxalq Nöqtə Günü hər il qeyd olunur. Durğu işarəsi kimi cümlənin sonuna nöqtə qoymaq, fikrə son vermək deməkdir. Amma nöqtənin məna çalarlari başqadır. Unutmayaq ki, nöqtə bir çox işlərin, hadisələrin, kəşflərin başlanğıcı ola bilər. Balaca Vaştinin həyatındakı kimi... Nöqtə Gününün ən böyük əhəmiyyəti insanlarda, xüsusilə uşaqlarda öz bacarıqlarına, istedadlarına inam hissi yaratmaqdır. Hər kəsin məhz bu gündə kiçik bir nöqtədən, öz nöqtəsindən böyük işlərə başlaya biləcəyini simvolizə edir. 15 sentyabr- Beynəlxalq Nöqtə Günü münasibətilə F. Köçərli adına Respublika Uşaq Kitabxanasında maraqlı tədbir keçirildi. Beynəlxalq Nöqtə Gününün yaranması və tədbirin mahiyyəti barədə kitabxananın Kütləvi işlər şöbəsinin müdiri məlumat verdi. Sonra söz “Palitra” qalereyasının əməkdaşı Asəf Kərimova verildi.Daha sonra tədbirə öz əl işləri ilə qonaq gələn uşaqlar öz “nöqtələri” barədə söhbət açdılar. Nəhayət, əl işlərindən ibarət sərgiyə baxış keçirildi və daha “uğurlu” sayılan “nöqtələr”in müəllifləri mükafatlandırıldı.. İnanırıq ki, bu gündə minlərlə, on minlərlə uşaq və yeniyetmə öz həyatını yeni nöqtədən başlayacaq və elmin zirvələrinə doğru addımlayacaq.