F.Köçərli adına Respublika Uşaq Kitabxanası 21 oktyabr 2016-cı il tarixdə Beynəlxalq Məktəb Kitabxanaları gününə həsr olunmuş tədbir keçirdi. Tədbirdə Nizami rayonundakı 214 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir iştirakçıları kitabxana ilə tanış oldular, bütün şöbələrin iş fəaliyyətinə diqqət yetirdilər. Balacalar kiçik oxu zalında, Nağıl otağında nağıllara qulaq asdılar, oxuduqları nağıllar, hekayələr haqqında öz fikirlərini bölüşdülər, dinlədikləri nağıla uyğun personajların şəklini çəkib viktorinada iştirak etdilər. Sonra yuxarı sinif şagirdlərinin toplaşdığı böyük oxu zalında uşaq yazıçısı Sevinc Nuruqızı ilə görüş keçirildi. Görüşdə əsas məqsəd uşaqların kitaba, mütaliəyə marağının artırılması, onların kiçik yaşlardan kitabxana ilə tanışlığı idi. Tədbiri giriş sözu ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxışında bildirdi ki, ilk dəfə bu günün qeyd olunmasını Beynəlxalq Məktəb Kitabxanaları Birliyinin prezidenti Blanş Vullz elan edib. 2005-ci ildə bu bayramın rəsmi statusunu birliyin yeni prezidenti Piter Cenko təsdiqləyib. Hər il bir ay qeyd olunan bayramın builki şüarı belədir: “Təhsil və savadlılıq sizin məktəb kitabxananızdadır”. Məktəbdə kitabı uşaqlara ən yaxşı tanıdan onun kitabxanasıdır. Burada ayrı-ayrı fənlərə aid dərslikləri, əlavə materialları, tarixə, ədəbiyyata dair müxtəlif kitabları, ensiklopediyaları tapmaq mümkündür. Lakin sizin axtardığınız bütün sualların cavabını bizim kitabxanada tapa bilərsiniz. Məktəb kitabxanaları: həyata giriş qapılarıdır. Amma gəlin, unutmayaq ki, elm, bilik, hikmət xəzinəsinin bütün inciləri məhz bu kitabxanadadır. Uşaqlar oxu zalında onların diqqətini cəlb edən çox gözəl kitab sərgisinə baxdılar, kitabxana haqqında video çarxlı slaydı izlədilər. Sevinc Nuruqızının duzlu, şirin söhbətlərini dinlədilər, kitabları haqqında məlumatlandılar. Yazıçı uşaqlarla “Sənin intellektin- oxuduğun kitablardır” adlı bilik yarışması keçirdi. Məktəblilər çox maraqla bu yarışmada iştirak etdilər. Bütün tədbir iştirakçılarına kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi. Tədbirin sonunda məktəbin müəllimləri kitabxana kollektivinə öz minnətdarlığını bildirdi, xatirə şəkilləri çəkildi.