13 noyabr 2025-ci il tarixində Kaspi liseyinin 1-ci sinif şagirdləri F. Köçərli adına Respublika Uşaq Kitabxanasına maraqlı və maarifləndirici ekskursiya ediblər. Ekskursiya Uşaq Hüquqları Aylığı çərçivəsində təşkil olunub.
Tədbir “Nağıl saatı” ilə başlayıb. Kitabxananın nağıl otağında uşaqlar üçün əl kuklaları vasitəsilə nağıl səhnələri nümayiş etdirilib. Balaca oxucular kuklalarla təqdim olunan nağılları böyük maraq və sevinclə izləyiblər. Daha sonra şagirdlər kitabxananın oxu zalı ilə tanış olublar. Kitabxananın əməkdaşı onlara kitabxananın fəaliyyəti, kitabların qorunması və düzgün istifadəsi qaydaları barədə geniş məlumat verib.
Ekskursiya çərçivəsində uşaqlara bulinq (zorakılıq) mövzusu ilə bağlı maarifləndirici kitabların icmalı təqdim olunub. İcmal zamanı Amanda F. Doerinqin “Zarafat gülməli deyil”, “Lağ etmək gülməli deyil” və “İtələmək gülməli deyil” adlı kitabları barədə məlumat verilib. Sözügedən nəşrlər uşaqlarda dostluq, qarşılıqlı hörmət, empati və zorakılığa qarşı düzgün münasibət kimi dəyərləri formalaşdırmaq məqsədi daşıyır.
Şagirdlər həmçinin kitabxana haqqında hazırlanmış animasiya filmini izləyiblər. Tədbirin sonunda “Göy qurşağı” jurnalı Kaspi liseyinin kitabxanasına hədiyyə edilib.
Ekskursiyanın əsas məqsədi uşaqlarda kitabxana və mütaliə mədəniyyətini formalaşdırmaq, oxumağa maraq yaratmaq, eləcə də dostluq, empati, zorakılığa qarşı düzgün davranış və uşaqların hüquqlarına hörmət kimi dəyərləri aşılamaqdır.