21 yanvar 2025-ci il tarixində Pamukkale Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün müəllimi, ədəbiyyat dili uzmanı, uşaq ədəbiyyatı araşdırmaçısı doktor Yaşar Sözen F.Köçərli adına Respublika Uşaq Kitabxanasının qonağı olub. Həmçinin Azərbaycan uşaq yazarlarından Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Reyhan Yisifqızı, Solmaz Amanova və digər yazıçılar da qonaq qismində iştirak edib.
Görüş zamanı Yaşar Sözenin müəllifi olduğu “Müstəqillik dövründə (1991-2024) Azərbaycan uşaq ədəbiyyatında hekayə” adlı tezisinin müzakirəsi aparılıb. Gənc alim tezis haqqında geniş danışıb, vurğulayıb ki, tezisin yazılmasında məqsəd Müstəqillik dövründə Azərbaycan uşaq ədəbiyyatının inkişaf tarixini öyrənmək və onu Türkiyədə tanıtmaqdır. Yaşar Sözen təqdimat zamanı məlumat verib ki, tezisdə Azərbaycan uşaq ədəbiyyatını üç dönəmə - Maarifçilik, Sovet və Müstəqillik dönəmlərinə ayıraraq araşdırıb. Araşdırma zamanı 18 Azərbaycan uşaq yazarının 552 hekayəsinin xəritə-sxemi (təsviri) hazırlanıb, 10 yazarın isə hekayələri məzmununa görə təhlil edilib. Eyvaz Zeynalovun, Rafiq Yusifoğlunun, Sevinc Nuruqızının hekayələrinin geniş tədqiqatı aparılıb. Həmçinin o, qeyd edib ki, uşaq hekayələrində təsvir olunan hadisələr mürəkkəb olmamalıdır. Əsasən məntiqi nəticələrlə bitən hərəkətli hadisələr daxil edilməlidir. Komediya səhnələri maarifləndirici və əyləncəli elementlərdən asılı olaraq hekayə mətnlərinə daxil edilməlidir.
Sonda araşdırmaçı alim Yaşar Sözen uşaq yazarlarının suallarını cavablandırıb.