2 dekabr 2025-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının təşkilatçılığı ilə 3 Dekabr – “Beynəlxalq Əlillər Günü” ərəfəsində “Sağlam münasibətlər, ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində ənənəvi kitab sərgisi nümayiş olunub.
Kitabxana əməkdaşları valideynlərlə və uşaqlarla mövzuya dair maarifləndirici söhbətlər aparıb, əxlaqi dəyərləri özündə əks etdirən hekayələr səsləndiriblər.
Qeyd edilib ki, 1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması ilə əlaqədar BMT Baş Məclisi 3 dekabr tarixinin “Əlilliyi olan insanların Beynəlxalq Günü” kimi qeyd olunması barədə bəyannamə qəbul edib. Bu günün əsas məqsədi cəmiyyətin diqqətini əlillik məsələlərinə yönəltmək, sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının müdafiəsini təmin etmək və onların cəmiyyətə tam inteqrasiyasını təşviq etməkdir.
Tədbirin keçirilməsində əsas hədəf xüsusi qayğıya ehtiyacı olan uşaqların ailə və cəmiyyət daxilində bərabər imkanlara sahib olmalarına, sevgi və qayğı dolu mühitdə inkişaf etmələrinə dəstək verməkdir. Mərkəz tərəfindən vurğulanıb ki, bu uşaqlar cəmiyyətin tam hüquqlu üzvləridir və onların anlaşılması, qəbul olunması, eləcə də dəstəklənməsi hər bir insanın mənəvi borcu və vicdani məsuliyyətidir.











