16 oktyabr 2025-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə yazıçı Gülzar İbrahimova və “Modern School” məktəbinin 2-ci sinif şagirdləri arasında maraqlı görüş təşkil olunub.
Tədbirin əsas məqsədi uşaqlarda oxu vərdişlərini formalaşdırmaq, ədəbiyyata marağı artırmaq və yazıçı ilə canlı ünsiyyət vasitəsilə onların yaradıcılıq düşüncəsini və dünyagörüşünü zənginləşdirməkdir.
Görüş zamanı yazıçı Gülzar İbrahimova uşaqlar üçün yazdığı kitablarla yanaşı , ədəbiyyatın gənc nəslin formalaşmasında oynadığı roldan, oxu mədəniyyətinin əhəmiyyətindən və mütaliənin insan həyatındakı yerindən bəhs edib. O, eyni zamanda “Mütaliə bayramı” təşəbbüsünün uşaqlarda kitab sevgisini artırmaq, oxumağa maraq oyatmaq və mütaliəni gündəlik həyatın vacib hissəsinə çevirmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Şagirdlər yazıçıya maraqlı suallar ünvanlayıb, sevdikləri kitablar haqqında fikir mübadiləsi aparıblar. Yazıçı tədbirin sonunda öz əsərlərindən – “Su pərisi və balıqçı” və “Sirus və Virusun macəraları” adlı nağılları səsləndirərək uşaqlara unudulmaz anlar yaşadıb.
Görüş iştirakçıların ifasında səsləndirilən “Dünya Gözəldir” mahnısı və “Sülh” şeiri ilə yekunlaşıb. Tədbirin sonunda yazıçı uşaqlara xoş arzularını çatdıraraq, onlara kitab oxumağı həyatlarının ayrılmaz hissəsinə çevirməyi tövsiyə edib.