Vətən dili (I, II hissə)

«Vətən dili» – XIX əsrin sonu – XX əsrin əvvəllərində, 40 ilə yaxın bir müddət ərzində Cənubi Qafqazda аzərbaycanlı uşaq və müəllimlərin əvəzsiz kitabı, Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Mahmud bəy Mahmudbəyov və adlarını çəkmədiyimiz neçə-neçə Azərbaycan ziyalısının elm, təhsillə bağlı ilk qaynağı, həmçinin həyat haqqında təməl bilgilərin formalaşmasında müstəsna yer tutan ilk ana dilli dərsliyi olub. Nəşrindən 136 il keçsə də, «Vətən dili»nin yenidən nəşri aktuallığını qoruyur. Çünki yaşından asılı olmayaraq, özünü azərbaycanlı sayan hər kəs bir çox folklor nümunələrimizin eyni yerə cəmləşdiyi ilk əlifbamızdan əcdadımızın hikmətini, Vətən eşqini duymalıdır. Kitabla tanışlıq burada işlənən, bəziləri tərəfindən nədənsə «əski» adlandırılsa da əslində ətimizə-qanımıza hopmuş söz və ifadələr, adət-ənənələr və s. haqqında orijinal mənbədən məlumat almaq, o çağın ruhu, dolayısıyla milli kimliyimizlə yenidən təmas üçün unikal bir fürsətdir. «Vətən dili» həm ölkəmizdə yaşayan rusdilli həmvətənlilərimiz, həm Azərbaycandan kənarda yaşayan soydaşlarımız, həm də Azərbaycanda yaşasa da, bu və ya digər səbəbdən öz milli adət-ənənələrindən kənar düşmüş qan qardaşlarımız üçün olduqca əhəmiyyətlidir. Bu gün özünün və övladının adını qərbliləşdirən, atalarının adlarını, soyadlarını, hətta dinlərini belə dəyişdirənlər, bir sözlə, əsillərini dananlar, azərbaycanlı, türk, müsəlman olduqlarından utananların milli kimliyə dönüşü, milli identifikasiya və özünüdərk üçün «Vətən dili» əvəzsiz mənbədir.

Yüklə