24 may 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı və 265 saylı orta məktəbinin birgə təşkilatçılığı ilə dahi şair M. Füzulinin 530 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşı M. Füzulinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, daha sonra şagirdlər tərəfindən "Meyvələrin söhbəti" alleqorik məsnəvisi kompozisiya şəklində təqdim edilib.
Məhəmməd Füzuli zəmanəsində gördüyü ictimai çatışmazlıqlara "Meyvələrin söhbəti" əsərində öz münasibətini bildirmiş, mənasız öyünmələrin fayda vermədiyini, bir-birinin eyiblərini söyləməklə öz məziyyətlərini tərifləyən meyvələrin mübahisəsində göstərmişdir.
Şairin bu əsəri zahirən uşaqlar üçün yazılmış sadə əsər kimi görünsə də öz fəlsəfi-nəsihətamiz ruhu ilə diqqəti cəlb edir.
Tədbirin keçirilməsində məqsəd məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.