1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Heydər Əliyev Mərkəzinin parkında Uşaq Festivalında iştirak etdi.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil edilən festival zamanı Mərkəzin parkı uşaq şəhərciyini xatırladıb. Park müxtəlif mövzu və əyləncə növləri üzrə zonalara bölünüb. Burada balacalara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşağın asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirməsinə imkan yaradılıb.
Kitab oxumağı, mütaliə etməyi, nağıllara qulaq asmağı sevən uşaqlara Respublika Uşaq Kitabxanası üçün ayrılmış zonada, uşaq yazarları ilə görüşlər təşkil edilib.Həmçinin eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün jest dilinə tərcümə olunmaqla uşaq yazarları Mehriban Nağıyeva, Gülzar İbrahimova, gənc yazar Fidan Şəmsizadənin iştirakı ilə “Oxu saatı” təşkil edilib. Uşaqlar müxtəlif mövzulu şeirlər söyləmiş, göstərdikləri aktivliyə görə kitab hədiyyələri ilə mükafatlandırıblar. Festival çərçivəsində müxtəlif interaktiv oyunlarda, “Özün çək – Özün rənglə”, “Nağıl bilicisi” adlı müsabiqələrdə iştirak edən və qalib olan hər bir uşağa kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı, əlfəcinlər, kitablar hədiyyə edilib. Həmçinin face-art üzrə rəssam müxtəlif nağıl qəhrəmanlarını uşaqların simasında çəkməklə onları sevindirib. Gün ərzində uşaqlar parkda unudulmaz anlar yaşayıb.