20 may tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Balaxanı qəsəbəsi 259, 69 və 4 №-li tam orta məktəb şagirdlərinin Zahid Xəlil ilə görüşü keçirildi. Görüşün keçirilməsində məqsəd uşaqları yazıçı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlilin həyat və yaradıcılığı ilə tanış etmək, eləcə də onların kitaba olan marağını və dünyagörüşünü artırmaqdır. Kitabxananın əməkdaşı tədbiri giriş sözü ilə açaraq uşaq yazarı Zahid Xəlilin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, yazıçının bədii yaradıcılığının əsas hissəsini uşaqlar üçün yazdığı əsərlər təşkil edir. Uşaqların sevə-sevə oxuduğu “Torağaylar oxuyur”, “Ballıca”, “Çıraq nənənin nağılları” digər şeir və nağıllar yazarın yaradıcılığının bəhrəsidir. Z. Xəlilin şeirlərinin əksəriyyəti uşaqları əməyə məhəbbət, həyatın mənasını başa düşmək, vətəni sevmək, doğru danışmaq və bu kimi gözəl hisslər ruhunda tərbiyə etməyə xidmət edir. Yazıçı məktəblilərlə uşaq ədəbiyyatı, dərsliklərdəki mətnlər və digər mövzular haqqında söhbət etdi. Görüşdə məktəblilər şairin şeirlərini səsləndirdilər. Görüşün davamında məktəblilərin ünvaladığı suallar yazıçıda xoş təəssürat yaratdı. Məktəblilər tədbirin baş tutması üçün Balaxanı qəsəbəsinin fəal gənci Səidə Məmmədovaya öz təşəkkürlərini bildirdilər. Sonda xatirə şəkilləri çəkildi.