25 fevral tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası Sabunçu rayonu Savalan qəsəbəsi 28 saylı məktəblə birgə İrəvan gimnaziyasının yaranmasının 140 illiyinə həsr olunmuş “İrəvan Seminariyası – 140 yaşlı təhsil məbədi” adlı tədbir keçirdi. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri İrəvan gimnaziyasının yaranması, fəaliyyəti, məzunları ilə bağlı çıxışlar etdi, slayd nümayiş olundu. Qeyd olundu ki, 1885-1895-ci illərdə İrəvan Seminariyasında görkəmli maarifçi alim, pedaqoq, teatr qurucusu Firidun bəy Köçərli dərs demişdir. Ədibin Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsində, ölkəmizdə maarifçiliyin təşəkkül tapmasındakı xidmətləri xüsusilə vurğulandı. Məktəbin 1-ci sinif şagirdlərinin ifasında F.Köçərlinin “Balalara hədiyyə” kitabı əsasında hazırladığı ədəbi-bədii kompozisiya təqdim olundu.
Tədbirdə iştirak edən F.Köçərli adına Respublika Uşaq kitabxanasının əməkdaşları, Əməkdar mədəniyyət işçiləri Ş.Qəmbərova, Z.Dadaşova, N.Tahirova öz çıxışlarında F.Köçərlinin dilimizin saflığı uğrunda mübarizəsindən, uşaq folklorunun ilk dəfə yazıya köçürülməsində ədibin xidmətlərindən danışdılar. Tədbir iştirakçıları F.Köçərliyə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.
F.Köçərli adına Respublika Uşaq kitabxanası adından məktəbin kitabxanasına F.Köçərlinin “Balalara hədiyyə” və “Firidun bəy Köçərli (Biblioqrafiya)” kitabları hədiyyə edildi.