5-9 oktyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində F.Köçərli adına Respublika Uşaq Kitabxanası kitab təqdimatları ilə iştirak edir.
7 oktyabr tarixində, sərginin “Təhsil” Nəşriyyatının stendində uşaq yazarı Raziyyə Rəhimzadənin rus dilində nəşr olunmuş “Qədim Bakı haqqında əfsanələr” kitabının imza günü keçirildi. Qeyd edək ki, kitab Köçərli adına Respublika Uşaq Kitabxanasının və “Təhsil” Nəşriyyat Poliqrafiya Müəssisəsinin biirgə əməkdaşlığı çərçivəsində nəşr olunub. Yazıçı Raziyyə Rəhimzadənin kitabda 11 hekayəsi yer alıb. Sanki müəllif öz hekayələrində bir sehrbaz kimi tarixi Odlar diyarının şəklinin xalçasını toxuyur - burada hər naxış, hər ilgək ayrıdır. Kitabda "Yer planeti hələ çox gənc olanda" kökləri dərin, tarixdən əvvəlki antik dövrü əhatə edən əfsanə, digər mif və əfsanələr, palçıq vulkanları haqqında əfsanələr, muğam, bülbül, qızılgül, çobanyastığı, güvə, Atəşgah, Xəzri və Gilavar, Qız qalası və s., müəllifin orijinal, maraqlı təfsiri ilə təqdim edilmişdir.
Raziyyə Rəhimzadənin bundan başqa uşaqlar üçün hekayə və əhvalatlardan ibarət “Zəfəran qəsəbəsinin tarixi” adlı kitabı rus dilində nəşr olunmuşdur.
Kitabın naşiri Tural Axundov, redaktoru Elşadə Əzizova, rəssamı Nigar Mustafayevadır.
Sərgi çərçivəsində keçirilən kitab təqdimatının əsas məqsədi uşaqların intellektual inkişafında kitabın rolunu qeyd etmək, onları mütaliəyə həvəsləndirməkdir.