15 mart tarixində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və Binəqədi rayon 283 saylı orta məktəbin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Bahar çələngi” adlı geniş tədbir keçirildi. Tədbirdə məktəbin müəllimləri, kitabxananın əməkdaşları, şagirdlər və valideynlər iştirak edirdilər. Qeyd olundu ki, milli varlığımızın və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də çox sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır. Onun hazırda respublikamızın hər bir güşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Novruz bayramı, sözün əsl mənasında, ümumxalq bayramı mahiyyəti qazanmışdır.
Daha sonra şagirdlərin iştirakı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, səhnəciklər nümayiş etdirildi. Xüsusilə uşaqların iştirakı ilə Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” operettasının motivləri əsasında ifa olunan rəqs tədbir iştirakçılarında böyük maraq yaratdı. Sonda kitabxana əməkdaşı tədbir iştirakçılarını təbrik edərək vurğuladı ki, belə tədbirlərin təşkili şagirdlər arasında kitabı təbliğ etmək, proqram materialını hərtərəfli zənginləşdirmək, onlara yeni bilik, bacarıq və vərdişlər aşılamaq məqsədi daşıyır.