Respublika Uşaq Kitabxanası və Xəzər Universiteti Dünya məktəbinin birgə əməkdaşlığı çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar uşaq yazarı Sevinc Nururqızının “Qisas” kitabının onlayn müzakirəsinin keçirilməsində əsas məqsəd Xocalıda canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan gənc nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.
Görüşdə uşaq yazarı Sevinc Nuruqızı, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, Xəzər Universiteti Dünya məktəbinin direktoru Mərufə Mədətli, müəllim və 7-ci sinif şagirdləri iştirak etdilər.
Onlayn görüş Xocalı soyqırım qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Zahirə xanım çıxışında qeyd etdi ki, Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir. Çıxışçılar hamını tarixə “qara gecə” kimi düşən Xocalı qətliamını unutmamağa səslədilər.
Yazıçı Sevinc Nuruqızı öz çıxışında bildirdi ki, “Qisas” povesti onun böyüklərə müraciətidir. Bir uşaq yazıçısı kimi müharibənin uşaq taleyinə vurduğu zərbələrin nə qədər ağrılı olduğunu təkcə Azərbaycan adlı məkanın deyil, bütün dünyanın böyüklərinə yaydığı bir mesajdır. Əsər Samirin anası və qardaşı ilə birgə əsir düşdükləri hadisələr ətrafında cərəyan edir.
Yazıçı bu əsərində hər birimizə bildirir ki, bu acı həqiqətləri bütün dünyaya çatdırmaq, unutmamaq hər birimizin müqəddəs borcudur. Sevinc Nuruqızı uşaqların əsərlə bağlı suallarını cavablandırdı.
Onlayn görüşdə 7-ci sinif şagirdləri tərəfindən hazırlanmış “Xocalı harayı- 29 il” slaydları nümayiş olundu, şeirlər səsləndi. Uşaqlar tədbirin sonunda öz çıxışlarında qeyd etdilər ki, Xocalı soyqırımı, əsir və girovlara qarşı qeyri-insani davranışlar dünyanın və insan haqlarını qoruyan bütün təşkilatlarının diqqətinə bir daha çatdırılmalıdır.