17 oktyabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında "Nağıl saatı" baş tutdu. Nağıl otağında uşaq yazarı Mehriban Nağıyeva və oxucular arasında görüş keçirildi.
Nağıl saatlarının təşkil edilməsində əsas məqsəd bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı vasitəsi ilə uşaqların dünyagörüşünü genişləndirməklə yanaşı kiçikyaşlı oxucuları kitaba və mütaliəyə həvəsləndirməkdir.
Görüşdə Bakı şəhəri 60 nömrəli tam orta məktəbin 2 və 3- cü sinif şagirdləri iştirak etdilər.
Oxucularla görüşdə yazıçı “Xarıbülbül və Günəşin nağılı”, “Lovğa tülkü”, “Dərdli kirpi” nağıllarını, hekayələrini, təmsillərini danışdı, “Qazlar”, “Şuşa”, “Gicitkən” və s. şeirlərini səsləndirdi.
Uşaqların müxtəlif suallarını cavablandıran Mehriban Nağıyeva balaca oxucularla maraqlı diskussiyalar apardı.
Əsərlərinin mövzularını real həyatdan götürən yazıçı uşaqlar üçün yazıb yaratmaqdan xoşbəxt olduğunu və nağılların təsiri ilə böyüyən hər bir uşağın söz ehtiyatının zəngin və səlis nitqə malik olduğunu vurğuladı.
Görüşün sonunda müəllim və valideynlər "Nağıl saatı" nın təşkili üçün kitabxana kollektivinə və Mehriban Nağıyevaya öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, bu günə qədər yazıçının uşaqlar üçün yazdığı 11 kitabı işıq üzü görüb. Mehriban Nağıyevanın qələmə aldığı nağıllar tərbiyəvi əhəmiyyətə malikdir və uşaqları yüksək mənəvi keyfiyyətlərə sahib olmağa səsləyir.
Sonda uşaqların hər birinə yazıçının imzaladığı “Uşaqların şeir payı”, “Əsmərin sehrli zənbili”, "Ay Səni Tülkü Lələ" nağıl kitabları və kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalları hədiyyə edildi.