F.Köçərli adına Respublika Uşaq Kitabxanasına yazıçı-ssenarist Günel Əsgərovanın müəllifi olduğu azərbaycan və rus dillərində nəşr olunmuş “Xanın üç qızı” adlı maraqlı nağıl kitabı hədiyyə edilib.
Yazıçı “Xanın üç qızı” adlı nağılını öz doğma vətəni Azərbaycana, onun səfalı, gözəl guşələrindən olan Qarabağa həsr edib. Nağılda gerçək həyat – Azərbaycan xalqının mərkli düşmənləri ilə qəhrəman mübarizəsi əks olunub. “Xanın üç qızı” nağılı oxucuları Azərbaycanın tarixinə - xanlıqlar dövrünə səyahətə aparır.
Gənc yazıçının qələmə aldığı nağıl xalqımızın mədəni və tarixi irsi, mənəvi dünyası və ailə dəyərləri, vətən sevgisi, iradə gücü və şərəfi haqqında yazılmış qəhrəmanlıq dastanıdır.
Mövzu dərinliyinə malik olan bu nağıl, uşaq və böyük olmasından asılı olmayaraq, oxucunu ətraflı düşünməyə çağırır, hər kəs onda yeni və öz ruhuna yaxın nəsə tapa bilir, çünki, yazıçının nağılları psixoloji məqamlar üzərində qurulub, dünya mifologiyası və antropologiyası elementlərinə malikdir, tarix, incəsənət, coğrafiya, mənəvi və mədəni dəyərlər baxımından əhatəlidir və anlaşılan hisslərin dilində qələmə alınıb.
Qeyd edək ki,10 nağılın müəllifi olan gənc yazarın anasına həsr etdiyi ilk nağıl əsəri “Sülh tütəyi” adlanır. Nağıl Kanadada keçirilən nağıl ssenariləri müsabiqəsində qalib olaraq Torontodakı festivalda təqdim edilmişdir.