Uşaqların tərbiyəsində kitablar xüsusi yer tutur. Kitab onları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının zəngin tarixi keçmişinə dərindən bələd olmasına imkan yaradır. Bu əlamətdar gün 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilmişdir. Hər il bu tarixdə Azərbaycanda uşaq kitabxanaları üzrə elmi metodik mərkəz sayılan F.Köçərli adına Respublika Uşaq Kitabxanası uşaqları həyata keçirdiyi müxtəlif silsilə səmərəli layihələri ilə sevindirir. Kitabxana 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının üzvüdür. F.Köçərli adına Respublika Uşaq Kitabxanası hər il Milli Uşaq Kitabı Sərgisi təşkil etməklə, Azərbaycanda çap olunan uşaq ədəbiyyatı nümunələri ilə oxucuları tanış edir, kitabın və kitabxananın imicinin yüksəlməsinə zəmin yaradır. Koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunmuş karantin rejimi günlərində kitabxana öz oxucularını 2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir və onlara xoş əhval-ruhiyyə arzulayır.