Sentyabrın 28-29da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında F.Köçərli adına Respublika Uşaq Kitabxanası, öz zəngin fondundan təşkil etdiyi sərgi ilə oxucuların və qonaqların böyük marağına səbəb oldu. Sərgiyə baxmağa gələnlər arasında Millət vəkili Qənirə Paşayeva, uşaq yazarlarından Zahid Xəlil, Elxan Elatlı, Vahid Əziz, Xalq rəssamı Arif Hüseynov, Reyhan Yusifqızı, Gülzar İbrahimova, Qəşəm Nəcəfzadə, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri, oxucular və.s qonaqlar da var idi. Sərgiyə yaxınlaşan qonaqlar uşaqlarla səmərəli vaxt keçirərək, onlarla maraqlı müzakirələr apardılar. VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının sonuncu günündə Respublika Uşaq Kitabxanası “Bərpanəşr” layihəsi çərçivəsində 11 adda yeni nəşr olunmuş kitabların təqdimatını reallaşdırdı. Təqdimatda, kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova layihə haqqında geniş məlumat verdi. Bildirdi ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçən “Bərpanəşr” layihəsi çərçivəsində 2016-cı ildən bü günə qədər 58 adda uşaq ədəbiyyatı işıq üzü görüb. Həmçinin, direktor təkrar çap zamanı ilkin nəşrin kitab göstəriciləri olduğu kimi saxlanıldığını və ilkin çap variantının keçən əsrin 20-80 illərə aid olduğunu və kitabxananın qızıl fondunda saxlanıldığını qeyd etdi. Direktor həmçinin, bu nəşrlərə yenidən həyat verməklə uşaqların dünyagörüşünü və həyata baxışlarının daha yaxşı formalaşması üçün xüsusi əhəmiyyətə malik olduğunu söylədi.
“Renessans-A” nəşriyyatının rəhbəri Ələddin Əsədov isə çıxışında, layihənin əhəmiyyətini qeyd etməklə bugünkü oxucular üçün nə qədər vacib və dəyərli olduğunu qeyd etdi. Türkiyənin “Zengin yayınçılık” nəşriyyat evinin rəhbəri Sevinc Fırat çıxışında “Bərpanəşr” layihəsi çərçivəsində türk dilində nəşr olunan uşaq ədəbiyyatının Türkiyəli oxucular tərəfindən böyük sevgi və rəğbətlə qarşılandığını qeyd etdi. Sevinc Fırat onu da qeyd etdi ki, layihə çərçivəsində nəşr olunan uşaq ədəbiyyatının hər biri 5000 trajla çap olunur. Daha sora çıxış edən kitabxananın Elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova layihə çərçivəsində nəşr olunan kitabların oxucular üçün faydalı olduğunu əminliklə vurğuladı. Sərgi- yarmarkanın davam etdiyi üç gün ərzində, azyaşlıların rəngləmə kitabı ilə səmərəli vaxt keçirmələri üçün xüsusi nəzərdə tutularaq təşkil edilmiş güşə, balaca fidanların əyləncəli və faydalı zaman keçirməsi ilə nəticələndi.