Oktyabr 10-da, F.Köçərli adına Respublika Uşaq kitabxanasında xarici yazarlarla Azərbaycan uşaq yazarları arasında “Bizi birləşdirən uşaqlara olan sevgidir” adlı görüş keçirildi. Kitabxananın qonağı olan Beynəlxalq Uşaq Kitabı Şurası (İBBY) Amerika bölməsinin üzvü Meqan Seyris (Meghan Sayres) və Böyük Britaniyanın tanınmış uşaq yazıçısı, (İBBY) –nin üzvü Cəmilə Gevin (Jamila Gavin) ilk öncə kitab sərgisi və kitabxana ilə tanış oldular. Sərgi onların xüsusi diqqətinə səbəb oldu. Görüşdə, uşaq yazıçılarından Zahid Xəlil, Sevinc Nuruqızı, Solmaz Amanova, Elvira Məmmədli, Aygün Bünyadzadə, Qəşəm İsabəyli, İnqilab İsaq, Rafiq Yusifoğlu və Reyhan Yusifqızı iştirak edirdi. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qonaqları kitabxanada görməkdən məmnun olduğunu və bu görüşün səmərəli keçərək yazarlar arasında əməkdaşlığa öz töhvəsini verəcəyini qeyd etdi. Meqan Seyris, çıxışında uşaqlar və böyüklər üçün bir çox kitablar yazdığını, həmçinin “Anahita”,- toxunmuş tapmacasının İbrani, İtalyan, İspan və Fars dillərinə tərcümə edildiyini qeyd etdi. 2005-ci ildə İranın Birinci Beynəlxalq Uşaq Kitab Festivalına, 2009-cu ilin aprel ayında İrana Dünya Sülh Xalçasını toxuyan ilk Amerikalı kimi dəvət edildiyini, İrlandiya, Türkiyə, Qətər, İran və Özbəkistan məktəblərində olduğunu və yaradıcı seminarlar keçirdiyini söylədi.
Böyük Britaniyanın tanınmış, məşhur uşaq yazıçısı Cəmilə Gevin isə öz çıxışına belə başladı: "Həyatım boyu mənə miras qalan iki zəngin mədəniyyətlə birgə addımladım... İlk kitabım «Sehrli portağal ağacı» 1979-cu ildə çap olunub. Ondan sonra davamlı yazır, uşaqlar üçün hekayələr, yeniyetmələr üçün romanlar, pyeslər toplusu hazırlayıram. Altı və on altı yaş arası uşaqlar üçün təhsilə kömək məqsədilə antalogiyalara əsərlər yazıram. İnsanlar məndən tez-tez “böyüklər üçün nə vaxt yazacaqsan?”-deyə soruşurlar, sanki uşaqlar üçün yazmaq daha asandır və az əhəmiyyət kəsb edir. Mən adətən "böyüyəndə" cavabını verirəm. Böyüklər uşaq ədəbiyyatının dəyərini görməyincə, uşaqların özləri əsla kitabın sinif otağından kənar bir dəyərinin olduğunu heç hiss etməzlər. Mən yalnız uşaqlar üçün yazıram, çünki onlara deyəcəyim bir şey olduğunu hiss edirəm.”
Görüş çərçivəsində, hər iki yazıçı haqqında hazırlanmış video-slayd təqdim edildi, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında milli musiqi nömrələri ifa olundu. Sonra yazıçılar arasında uşaq ədəbiyyatı ilə bağlı fikir mübadiləsi keçirildi. Qonaqlar, kitab və kitabxanaların eləcə də, yazıçıların əsərlərinin dünyada tanınması üçün ən yaxşı vasitənin internet üzərindən reklam olduğunu qeyd etdilər. O cümlədən, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının qədim, dəyərli və zəngin olduğunu vurğuladılar.
Sonda, Meqan Seyris və Cəmilə Gevin kitabxananın fonduna öz kitablarını hədiyyə etdilər.