09 oktyabr tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Yada düşdü” jurnalının təsisçisi Nəzakət Məmmədova qonaq oldular. Qonaqlar, kitabxananın fəaliyyəti ilə tanış oldular. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qonaqların kitabxanaya gəlişindən məmnun olduğunu bildirdi və qeyd etdi ki, 27-29 sentyabr Vl Beynəlxalq Kitab Sərgi- yarmarkasında Respublika Uşaq Kitabxanası “Bərpanəşr” layihəsi çərçivəsində, ilk dəfə olaraq Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Brayl əlifbası ilə 11 adda kitab, və jest dilinə tərcümə olunmuş mp4 formatda elektron kitabların təqdimatını reallaşdırıb. Bundan başqa, direktor naşirləri kitabxanın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı, 7 adda biblioqrafiq göstərici, elektron məlumat bazaları və digər nəşrləri ilə tanış edib. Naşirlər, kitabxana ilə əməkdaşlığın cəmiyyət üçün faydalı olduğunu vurğuladılar.