13 mart 2018-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Ukrayna Milli Uşaq Kitabxanası ilə “Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində “Milli musiqi alətlərimiz” adlı skayp- görüş keçirdi. Tədbir Azərbaycan MEA- nın Elmi Kitabxanasının Konfrans zalında keçirildi. Novruzun Yel çərşənbəsinə təsadüf edən bu tədbirin əsas məqsədi, ölkə hüdudlarından kənardakı uşaq kitabxanaları ilə sıx əməkdaşlıq etməklə uşaqlara yeni dostlar qazandırmaq və hər iki ölkənin qədim musiqi alətləri haqqında oxucuları məlumatlandırmaq idi. Skayp görüşdə, Azərbaycan Avropa liseyinin 5- ci sinif şagirdləri ilə Ukrayna məktəbliləri arasında səmimi görüş alındı. Həmin görüşdə, hər iki tərəfin uşaqları milli musiqi alətləri ilə tanış oldular və onları maraqlandıran bütün suallara cavab tapmaqla yanaşı mövzu ilə əlaqədar geniş formada fikir mübadiləsi etmək imkanı əldə etdilər. Görüşdə Ukrayna səfirliyinin nümayəndəsi Aleksandr Sençenko, kitabxana əməkdaşları, musiqişünaslar, oxucular, Azərbaycan Avropa liseyinin şagirdləri, Hüseynqulu Sarabski adına 7 və Georgi Şaroyev adına 35 saylı Uşaq Musiqi Məktəbinin tələbələri və.s qonaqlar iştirak edirdi. Musiqişünas Nüşabə xanım Quliyeva Ukrayna məktəblilərinə Azərbaycan milli musiqi alətləri və muğam haqqında ən maraqlı məlumatları verdi. Balabanda çalan balaca oxucumuz Emil Əliyev “Saqı gəlin” mahnısını ifa etdi. Üçlükdə isə xanəndə, 10-cu sinif şagirdi Asunda Səlimli, tar ustadı Elbrus Məmmədyarov, kamaçada Fərhad İbadlı muğamı tədbir iştirakçıları üçün ifa etdi. Səfirliyin nümayəndəsi görüşə dəvət aldığına görə kitabxana rəhbərliyinə təşəkkürünü bildirmiş və ölkəmizdəki milli və dini tolerantlığın dövlət səviyyəsində dəstəkləndiyini və yetişməkdə olan gənc nəslin də bu ruhda böyüməsinin vacibliyini vurğulayaraq, yeniyetmə və gənclərə təhsillərində və yaradıcılıqlarında uğurlar arzulamışdır. Azərbaycan MEA-nın Elmi Kitabxanasının direktoru Leyla İmanova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova da çıxışlarında bildirdilər ki, həqiqətən də kitablar dostluq körpüsü kimi bizi birləşdirir, düşündürür, ən yaxın dost kimi biz daim onlardan öyrənirik. Belə görüşlər oxucularımızın dünyagörüşünü artırmaqla yanaşı, onlarda digər xalqların nümayəndələri ilə necə ünsiyyət qurmaq, sərbəst fikir yürütmək kimi bacarıqların aşılanmasına şərait yaradır