18 sentyabr 2018-ci ildə Milli Musiqi günü münasibətilə F.Köçərli adına Respublika Uşaq kitabxanasının əməkdaşları dahi bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyini ziyarət etdilər. Muzey Şamil Əzizbəyov küçəsi, ev 67 ünvanında yerləşir. Hazırda muzeyin direktoru bəstəkar Sərdar Fərəcovdur. Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Gülnarə Ələsgərovanın bələdçiliyi ilə ziyarət etdiyimiz muzeyin rəsmi açılışı 1975-ci il noyabrın 20-də olub. Üzeyir Hacıbəyov həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Ziyarətə rəsmlərin toplandığı otaqdan başladıq. Bu otaqda görkəmli rəssamlar Mikayıl Abdullayev, Nəcəfqulunun, Ənvər Əliyevin və digərlərinin Üzeyir bəyin həyatının fərqli dövrlərini əks etdirən əsərləri yer alıb. Sonra isə bəstəkarın iş otağında olduq. Ü.Hacıbəylilərin Şuşadakı evinin kiçik modeli bu otaqdadır. Həmin ev 1959-1992-ci illərdə Ü.Hacıbəylinin ev-muzeyi kimi fəaliyyət göstərib. Şuşanın işğalından bir ay əvvəl keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlunun köməkliyi ilə oradakı eksponatlar Bakıdakı ev-muzeyinə gətirilib. Gətirilənlər içərisində şəxsi əşyalar Üzeyir bəyin qaragül dərili papağı, geyimləri, eynəyi, paltosu, Qoridə təhsil alarkən çaldığı skripkası, yazı ləvazimatları, şəxsi albomu, muzeyə yadigar verilən kitablar və s. Otaqdakı radioqəbuledici (bəstəkarın 60 illik yubileyi münasibətilə Radio Komitəsinin əməkdaşları hədiyyə ediblər), mebellər, yazı masası, kəfkirli divar saatı (özü bu saatı “mənim ağıllı saatım ”adlandırırmış), alman istehsalı olan “Bekker” royalı (“Koroğlu” opersaı, “Sənsiz” və “Sevgili canan” romanslarını bu royalda bəstələyib), royalın üstündə skripka (“Leyli və Məcnun” operasının ilk tamaşasında bu skripkada ifa edib), bürünc “Kinovatson” mükafatı (2008-ci ildə Moskvada keçirilən “Kinopvaston” müsabiqəsində “Ən gözəl musiqi əsəri” nominasiyası üzrə Ü.Hacıbəylinin ölməz irsinə görə təqdim edilib) dərhal diqqəti çəkir. Yazı masasının üstündə alma ağacından hazırlanmış qədim ingilis tənbəki çubuğu, “Koroğlu” siqaret qutusu, gümüş qapaqlı iki mürəkkəbqabı, mərmər prespopye (mürəkkəblə yazandan sonra mətni qurutmaq üçün), P.İ.Çaykovskinin kiçik büstü (Üzeyir bəyin bu dahi rus həmkarına dərin rəğbəti olub), qol saatı, telefon aparatı, eynək, qələmqabı, gümüşlə işlənmiş qovluq və balaca şüşə qabda qızılgül suyu var. Sona çatdırmağa macal tapmadığı “Azərbaycan” simfonik poeması və “Firuzə” operasının səhifələri masanın üzərində qalıb. Kitab dolabında azərbaycandan əlavə, ərəb, fars, rus, gürcü dillərində də nəşrlər var və onlar fəlsəfi, ictimai-siyasi mövzulardadır (Üzeyir bəy bu əcnəbi dillərin hər birində danışmağı və yazmağı bacarıb). Həmin kitabların səhifələrində Üzeyir bəyin qeydləri durur. İş otağında Elmlər Akademiyası əməkdaşlarının ona 60 illik yubileyilə əlaqədar hədiyyə etdikləri xalça asılıb. 24 sutkaya hazır olan xalçanın qeyri-adiliyi ondadır ki, bir çox bölgənin ornamentlərinin özündə əks etdirir. Xalçanın mərkəzində bəstəkarın portreti, “Leyli və Məcnun”, “Koroğlu” operalarından səhnələr var. Yuxarı tərəfdəki tank şəkli Üzeyir bəyin II Dünya Müharibəsi illərində cəbhədəki döyüşçülərimizə göstərdiyi yardımın simvoludur. Aşağı hissədə Şərq və Qərb musiqi alətləri bir yerdə təsvir olunub. Azərbaycan musiqi tarixində bu alətlərin vəhdətini ilk dəfə, özünün “Leyli və Məcnun” operasında məhz Ü.Hacıbəyli yaradıb. Otaqda rəssam Mikayıl Abdulayevin naturadan çəkdiyi portret (1943) də var. Yataq otağında taxt, geyim dolabı, konsertlərdə dirijorluq edərkən geyindiyi frak, şkaflar, lampa, həyat yoldaşı Məleykə xanımın büstü, ailə üzvlərinin rəsmləri yer alıb. Küncdəki kiçik dolabın üstündə ağ çini külqabı, fil fiquru, ağ kətan dəsmal və elektrik alışqanı yer alıb. Otağın aşağı hissəsindəki komodun üstündə lampa, təraş dəsti, bəstəkarın eynəyi və stolüstü güzgü qoyulub. Daxil olduğumuz ümumi otaqda Üzeyir bəy haqqında deyilən fikirlər, yubiley və ya yeni əsər münasibətilə verilən hədiyyələr, rəsmlər sıralanıb. Musiqi nəzəriyyəsi kafedrasının professorluq attestatı, deputat mandatı və nişanı, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, “Müharibə illərində fədakar əməyə” görə medalı və medalın vəsiqəsi, ordunun tank qoşunlarına maddi köməyilə bağlı dövlət başçısı İ.Stalindən aldığı təşəkkür teleqramı da buradadır. Yemək otağında stol, stullar, soyuducu (Amerikanın “Leonardo” şirkətinin istehsalıdır), radioqəbuledici, patefon və digər əşyalar var. Otağın mərkəzində yerləşən stola ağ süfrə salınıb, üstünə iki nəfərlik yemək dəsti, XVII-XVIII əsr Çin sənətkarlarının əl işi olan böyük plov buludu qoyulub. Bu qab vaxtilə Üzeyir bəyin ana babası Kərbəlayi Ələkbərin süd bacısı Xan qızı Xurşidbanu Natəvana məxsus olub. Onu muzeyə Natəvanın nəticəsi Leyla xanım Usmiyeva verib. Şüşəbənd otaqdakı divarboyu vitrinlərdə bəstəkarın əsərlərinin partituraları, klavirləri, “Üzeyir Hacıbəyov Ensiklopediyası” (Qulam Məmmədli hazırlayıb), həyat və yaradıcılığı haqqında yazılan elmi işər, monoqrafiyalar toplanıb. Müasir avadanlıqlarla təchiz olunmuş kiçik kinozalda Üzeyir bəyin əsərləri əsasında çəkilmiş sənədli ekran işlərini izlədilər. Ziyarətin sonunda kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova Gülnara Ələsgərovaya öz təşəkkürünü bildirdi və qeyd etdi ki, xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olmuşdur. Azərbaycan, rus və dünya klassik ədəbiyyatı incəsənətinin ənənələrini dərindən qavramış, doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yazıb yaratmış böyük bəstəkar ömrünün, təqribən 45 ilini bu işə həsr etmişdir. Z.Dadaşova muzeyin “Xatirə” kitabına hərarətli ürək sözlərini yazdı.