F.Köçərli adına Respublika Uşaq Kitabxanası Bakı şəhər Yasamal rayonundakı M.N.Tusi adına 173 saylı orta məktəblə birgə 29 may 2018-ci ildə Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş “Açıq dərs – Açıq fikir” adlı tədbir keçirdi. Tədbir məktəbin foyesində şagirdlərin cümhuriyyət dövrü yazıçılarının (C.Cabbarlı, H.Cavid, Ə.Cavad, Ü.Hacıbəyli, Ümmügülsüm, F.Köçərli, Y.Çəmənzəminli ) obrazlarında onların söylədikləri fikirlərin səslənməsi, hazırladıqları “Cümhuriyyətin 100 illik işığında” adlı video slaydın izlənilməsi ilə başladı. Sonra məktəbin ikinci sinif şagirdlərinin ifasında “Cümhuriyyət nəğməsi” ifa olundu. Təqdimatdan sonra “Açıq dərs” başladı. Məktəbin direktoru Sitarə Abbasova birgə layihədən söhbət açaraq gələn qonaqları təqdim etdi. Bildirdi ki, bu layihə ilk dəfə olaraq M.N.Tusi adına 173 saylı orta məktəbin yuxarı sinif şagirdləri ilə keçirilir. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə milli mənəvi hissləri daha yüksək şəkildə dəyərləndirmək, onlarda vətənpərvərlik eşqini daha da alovlandırmaq, müstəqillik, azadlıq uğrunda mücadilələri xatırlatmaqdır. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitunun Azərbaycan Xalq Cümhuriyyəti Şöbəsinin direktor müavini tarix elmləri doktoru Tofiq Nəcəfli, Bakı Dövlət Universitetinin müəllimi, tarix elmləri namizədi, dosent Rafiq Qurbanov, Bakı şəhəri üzrə Təhsil İdarəsnin müdir müavini Hüseyn Əsgərov, Bakı şəhəri üzrə Təhsil İdarəsnin ümumi təhsil sektorunun şöbə müdiri Lamiyə Şərəfxanova, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı Təhsil İdarəsi ümumi şöbənin məsləhətçisi Rəhman Baxşəliyev, “Azərbaycan müəllimi” qəzetinin məktublar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şakir Cəfərov, AzərTAC-ın nümayəndəsi Zərəngiz Qayalı Mansurova, F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova və elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, həmçinin kitabxananın bir qrup əməkdaşı iştirak edirdi. “Açıq dərs” Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. Dərsin aparıcısı tarix müəllimi Vəli Hüseynli idi. “Açıq Dərs” Cümhuriyyət dövrünün tarixini tam əhatə etməklə suallarla dərsin iştirakçılarına- tələbələrinə ünvanlandı. Münsiflər kürsüsündə əyləşən dəyərli qonaqlar qiymətləndirmə prosesinə qatılaraq obyektiv fikirlərini bildirdilər. “Açıq dərs”də ən fəal iştirak edən 7 nəfər şagird münsiflərin qərarı ilə diploma layiq görüldü. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova layihə ilə bağlı öz fikirlərini bidirdi, açıq dərsdə iştirak edən şagirdlərə uğurlar arzuladı. Münsiflər heyəti layihənin tətbiqindən, həm də dərsin keçilmə metodikasından çox razı qaldıqlarını bildirdilər. Qeyd olundu ki, belə dərslərin keçilməsi doğrudan da, çox effektivdir və kitabxana ilə bu kimi layihələrin keçirilməsi təhsildə daha yüksək nəticələrin əldə edilməsinə gətirib çıxarır. Böyük məmnuniyyət hissi ilə tədbirdə iştirak edən qonaqlar , “Açıq dərs – Açıq fikir” layihəsi çərçivəsində keçiriləcək dərslərdə bir daha iştirak etmək istədiklərini bildirdilər. “Dərs” alındı və xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.