Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Kitab karvanı layihəsi” 9 noyabr 2017-ci il tarixində “Uşaq Kitab Karvanı Bölgələrdə” adı ilə davam edən səfərin sonuncu ünvanı Sabirabad rayon Mərkəzi Kitabxanasında oldu. Tədbiri giriş sözü ilə Sabirabad rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov açdı. Sonra isə söz F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərovaya verildi. O, Uşaq Kitab Karvanı layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, layihə haqqında ətraflı məlumat verdikdən sonra qonaqları təqdim etdi. Tədbirdə uşaq yazıçılarından Aygün Bünyatzadə, Gülzar İbrahimova, Sevinc Nuruqızı, Reyhan Yusifqızı iştirak edirdi. Uşaq yazıçıları tədbir iştirakçılarına maraqlı olan bütün sualları cavablandırdı. Kitab Karvanı ilə gətirilən kitab bağlamalarında kitabxananın uşaq şöbəsinə nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq kitabları, 44 adda metodik vəsait, “Göy Qurşağı” jurnalı, uşaq hüquqları ilə bağlı bir çox plakatlar və vəsaitlər verildi. Respublika Kitab Kollektorunun da kitabxaya hədiyyəsi oldu. Tədbir kiçik yaşlı uşaqlar arasında keçirilən “Sənin intellektin oxuduğun kitablardır” adlı viktorina ilə davam etdi. Qaliblər kitab və jurnallarla mükafatlandırıldı. Mərkəzi kitabxanada təşkil olunan Kitab Sərgiləri bütün rayon ictimaiyyətinin sevincinə səbəb oldu. Tədbirin sonunda Sabirabad Regional Mədəniyət və Turizm İdarəsinin rəisi Əhməd Ramazanov layihənin neçə illər belə uğurla həyata keçməsində xidməti olan Mədəniyyət və Turizm Nazirliyinə və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyinə öz təşəkkürünü bildirdi, bütün tədbir iştirakçılarını 9 noyabr – Bayraq Günü münasibətilə təbrik etdi. Qeyd, edək ki, tədbirin keçirilməsində əsas məqsəd, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etmək və bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltmək idi.