17 oktyabr 2017-ci il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının İncəsənət və Kütləvi işlər şöbəsi Mütaliə bayramı münasibətilə “Kitab dünyasına səyahət” adlı tədbir keçirdi. Tədbir Era liseyinin dördüncü sinif şagirdləri üçün təşkil edilmişdi. Elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova kitabxananın yaranma tarixi, şöbələri haqqında məktəblilərə geniş məlumat verdi. Ekskursiya uşaqlara maraqlı olsun deyə kitabxananın oxuculara xidmət edən şöbələri dayanacaqlara bölündü. İlk dayanacaq“abonement” bölməsi oldu. Məktəblilər bu dayanacaqda kitabxanaya necə abunə olmaq və kitabxanadan istifadə qaydaları haqqında bilgilər əldə etdikdən sonra növbəti “Nağıl otağı”,“Kiçik oxu zalı”, “Oxu zalı” dayanacaqları ilə tanış oldular. Kitabxananın əməkdaşı balaca qonaqları salamlayaraq, bu günün əhəmiyyəti barədə onlara geniş məlumat verdi: “16 oktyabr Mütaliə bayramıdır. Kitabxanamız mütaliəyə diqqətin artırılması məqsədilə belə bir tədbir təşkil edib. Kitab dünya mədəniyyətinin güclü silahıdır. Mütaliə insanı kamilləşdirir, onun nitq və qabiliyyətini inkişaf etdirir. Con Lokun dediyi kimi: Mütaliə zehni sadəcə bilgi ehtiyatı ilə doldurur, mütaliəni qazanclı edən - düşünməkdir.” Mütaliə adamı bilikli, söhbətcil, hazırcavab edir. Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilsə, həmin cəmiyyət xoşbəxt olar. Tədbirin sonunda oxuduqları əsərlər haqqında verilən maraqlı, əyləncəli suallar balaca mütaliəçiləri sevindirdi.