Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə sentyabr ayının 21-i bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd edilir. Respublikamızda da hər il 21 avqust - 21 sentyabr “Sülh aylığı” çərçivəsində müxtəlif tədbirlər təşkil olunur. 19 sentyabr 2017-ci il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Beynəlxalq Sülh Günü ilə bağlı “Sülh evi tikək!” adlı növbəti tədbir keçirdi. Tədbirdə “Sülh nədir?”, “Sülhü nədə görürsünüz?” sualları ilə uşaqlara müraciət olundu. Uşaqlar həmin suallara olan cavabları ilə Sülh evinin bir kərpicini tikmiş oldular. Sorğudan belə nəticə çıxdı ki, sülhün carçıları olan uşaqların gözündə sülh barış, birlik, sevinc, gülüş, xoşbəxt və rahat yaşamaq deməkdir. Qeyd edək ki, “Beynəlxalq Sülh Günü” BMT-nin 30 noyabr 1981-ci il tarixli qərarı ilə qeyd olunur. Bu tarix nəinki xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə zorakılığa qarşı mübarizənin aparılmasına və birgəyaşayışın təmin edilməsinə nail olmaq üçün bir gündür.