17 noyabr 2016-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Fəlsəfə günü ilə əlaqədar olaraq “Şəfqət əxlaqın əsası kimi” mövzusunun müzakirəsi keçirilmişdir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada öz vacibliyi ilə seçilən bir sahənin – fəlsəfənin hamı tərəfindən sevilməsinə təkan vermək idi. Belə ki, sivilizasiya və mədəniyyətlərin inteqrasiya etməyə balşadığı bir dövrdə çoxəsrlik tarixə malik olan fəlsəfi dünyagörüşünün önə çəkilməsi olduqca vacibdir. Məhz bunu əsas götürərək tədbir şəfqət ideyasına həsr olunmuşdu. Şəfqət insansevərliyin yansımalarından biri olub, qarşıdakı insanın psixi vəziyyətinin anlaşılması formasıdır. Bu duyğu digərlərində itki ucbatından yaranmış neqativ hissləri yumşaltmaq hazırlığıdır. Şəfqət hissi – insanlar arasında yaranan humanist münasibətin göstəricisidir. Bu hiss bizə başqa insanda öz əksimizi görməyə, özümüzü onun yerinə qoymağa, digərlərinə göstərilən mənəvi və psixoloji dəstəyi anlamağa imkan yaradır.