F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 5 aprel 2016-cı il tarixdə 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş VIII Milli Uşaq Kitabı Sərgisi çərçivəsində uşaqların çox sevdiyi “Tumurcuq” qəzetinin 20 yaşı münasibətilə “Qoy yaşasın Tumurcuq!” adlı tədbir keçirildi. Tədbirdə Binəqədi rayonundakı 244 saylı məktəbin II sinif şagirdləri, valideynlər, müəllimlər, qəzetin redaksiya heyəti, uşaq yazarlarından Sevinc Nuruqızı, Gülzar İbrahimova, kitabxana əməkdaşları iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktor müavini Zahirə xanım açaraq, Azərbaycan uşaq mətbuatında mühüm rol oynayan “Tumurcuq” qəzetinin tarixindən, gənc nəslin yetişməsində, intellektual səviyyələrinin formalaşmasında onun böyük əhəmiyyətindən danışdı. Kitabxananın kütləvi işlər şöbəsinin hazırladığı çarxlı video slayd tədbir iştirakçıları tərəfindən maraqla izləndi. Balacalar tədbirə Azərbaycanın himni ilə başladılar. Ədəbi bədii kompozisiyada qəzet səhifələrində gedən maraqlı yazılardan, lətifələrdən kiçik səhnəciklər göstərildi, şeirlər deyildi, rəqslər ifa edildi. Azərbaycan bayrağına həsr olunmuş kiçik səhnədə uşaqların bir ağızdan “Qarabağ bizimdir, bizim olacaq!” deməsi hamını riqqətə gətirdi. Oxucular öz yazarları ilə daha yaxından tanış olub, onları maraqlandıran suallara cavab aldılar, xatirə şəkilləri çəkdirdilər. Tədbirdə iştirak edən bütün məktəblilərə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı, təqvim və “Tumurcuq” qəzetinin yeni sayları hədiyyə edildi. Qəzetin baş redaktoru Səməd Məlikzadə keçirilən tədbirlə bağlı kitabxana əməkdaşlarına, məktəblilərə, müəllimlərə öz minnətdarlığını bildirdi, redaksiya heyəti adından kitabxanaya sıx əməkdaşlıqla bağlı xatirə hədiyyəsi təqdim etdi.