20 may 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının ölkəşünaslıq və milli ədəbiyyat şöbəsinin əməkdaşları tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində 2016-cı ildə seçilmiş “Azərbaycanın Folklor Paytaxtı- Qusar” rayonu haqqında tövsiyyə bibliyoqrafiyası və elektron məlumat bazasının təqdimatı keçirildi. Şöbə müdiri Nazilə xanım elektron baza haqqında geniş məlumat verərək bildirdi ki, proqram ölkəmizdə qeyri-maddi mədəni irsin bərpası, qorunması, hərtərəfli inkişafı, təbliği və təşviqi məqsədilə həyata keçirilmişdir. 2010-cu ildən icra olunan proqram nəticəsində qeyri-maddi mədəni irsin inkişafı vüsət alıb və regionların sosial-mədəni həyatında müsbət dəyişikliklər baş verib. Həmçinin, proqrama əsasən 2010-2014-cü illərdə ümumilikdə 15 şəhər və rayon “əfsanələr” (Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ), “folklor” (Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən) və “sənətkarlıq” (Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron) nominasiyaları üzrə “paytaxt” seçilib, 2015-ci ildə isə Şamaxı “Azərbaycanın Ədəbiyyat Paytaxtı” və Qax rayonu “Milli Mətbəx Paytaxtı” elan olunub. “Paytaxt” seçilmiş şəhərlərdə folklor kollektivləri, el sənətkarları yeni yaradıcılıq nailiyyətləri əldə edib, xalq yaradıcılığının, milli adət-ənənələrin qorunması üçün əhəmiyyətli işlər görülüb. Proqram çərçivəsində azsaylı xalqların nümayəndələri də geniş şəkildə iştirak etmiş, ölkəmizdə olan multikulturalizm və tolerantlıq modeli bir daha dünyaya tanıdılmışdır. “Azərbaycanın Folklor Paytaxtı” elan olunan Qusar rayonunda da bu il maraqlı, rəngarəng tədbirlərlə yadda qalacaqdır.