On ikiyə işləmiş...

Qasımoğlu, Fəxrəddin. On ikiyə işləmiş... : Detektiv / F. Qasımoğlu ; red. M. Gülər ; rəs. R. Çinarə ; dizayn. Z. Məmmədov. - Bakı : Təhsil, 2023. - 352 s.

Kitabın müəllifi  Azərbaycan Yazıçılar Birliyinin üzvü Fəxrəddin Qasımoğlu detektiv janrda yazdığı romanı haqqında qeyd edir:  "Sizə təqdim etdiyim «On ikiyə işləmiş» adlı romanım da detektiv janrında yazılıb. Roman, polis əməkdaşlarının cinayətkarlığa qarşı mübarizəsindən, onların istefaya çıxdıqdan sonra da həyatlarını həsr etdikləri bu yolda əqidələrinə sadiq qalaraq mübarizə aparmalarından bəhs edir. Romanın süjet xətti biri otuz il əvvəl, digəri isə yenicə törədilmiş iki qətl hadisəsinin paralel olaraq araşdırılması üzərində qurulmuşdur. Əsərin baş qəhrəmanı, mayor rütbəsində istefaya çıxdıqdan sonra fəaliyyətini detektiv kimi davam etdirən peşəkar polis zabiti Bəxtiyar Nəzərlinin bu araşdırmalar zamanı hər iki cinayətin açılması istiqamətində istifadə etdiyi üsullar, düşünürəm ki, oxucu üçün olduqca maraqlı olacaqdır. Onun psixoloji və məntiqə söykənən gedişlərinin həm səbəbləri, həm də nəticələri bir çox hallarda əsərin son anadək oxucu üçün müəmma olaraq qalır ki, bu da əsəri daha maraqlı etməyə xidmət edir. Əsərin məzmununda yer verdiyim əsas qayəm isə onun tərbiyəvi tərəfidir. Polis sıralarında xidmət etməyin şərəfli olmaqla yanaşı, nə qədər maraqlı olmasını da gənc nəslə təlqin etməklə, eyni zamanda cinayətkarların xislətlərini də onlar üçün bir daha açıqlamağa çalışmışam. Əsər boyu nümunələr gətirdiyim xəyanətlər, qəddarlıqlar qətiyyən mübaliğə deyil. Bu, cinayətkarların yaşam tərzidir və mən də bunu olduğu kimi göstərməyə çalışmışam. Əsər bundan əvvəl sizlərə təqdim etdiyim, eyni janrda yazılmış «Son gecə» romanının davamı kimi də, ayrıca bir roman kimi də oxuna bilər. Ancaq səmimi olaraq bildirirəm ki, «Son gecə»ni oxuyaraq əsərin baş qəhrəmanını sevmiş və sonrakı hadisələrin davamının necə cərəyan edəcəyini, peşəkar polis zabitinin daha hansı cinayətləri açacağını səbirsizliklə gözləyən oxucularım üçün bu kitab daha maraqlı olacaqdır.